AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin kollektivi Əlincəqala Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini ziyarət edib


07.12.2020 / 13:41Mühüm hadisələr



   Dekabrın 5-də AMEA Naxçıvan Bölməsinin kollektivi “Muzey günləri” çərçivəsində “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində və Gülüstan türbəsində olublar.
    “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olan əməkdaşlarımıza bu tarixi abidə haqqında ətraflı məlumat verilərək bildirilib ki, “Əlincəqala” tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunaraq istifadəyə verilib.
    Qalanın hələ eramızın erkən dövrlərindən etibarən müdafiə istehkamı və yaşayış yeri kimi istifadə edildiyini bildirən muzey bələdçisi qeyd edib ki, Əlincəqala Naxçıvanın yenilməzlik simvoludur.
    Muzeylə tanışlıq zamanı binanın 2 iş otağı və ekspozisiya zalından ibarət olduğu ziyarətçilərin nəzərinə çatdırılıb. Vurğulanıb ki, ekspozisiya zalında Əlincəqalada məskunlaşmış insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, qalada aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan nümunələr, Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, eləcə də abidənin bərpadan əvvəl, və sonrakı fotoşəkilləri nümayiş etdirilir.
    Daha sonra kollektiv orta əsrlər Azərbaycan memarlığının incilərindən hesab olunan Gülüstan türbəsini ziyarət edib. Diqqətə çatdırılıb ki, türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamına əsasən bərpa olunmuş və yenidən istifadəyə verilmişdir. Diqqətə çatdırlıb ki, Gülüstan türbəsi qülləvari türbə tipinə aid olub, sərdabə və türbə hissədən ibarətdir. Üzərində mürəkkəb və zərif ornamentlərin olduğu türbənin yuxarı hissəsində günbəz ucalır.
    Bölmə əməkdaşlarının muxtar respublikadakı digər tarix-memarlıq abidələri və muzeylərə ekskursiyası bundan sonra da davam edəcək.