AMEA Naxçıvan Bölməsi

TÜBİTAK-ın rəhbəri Naxçıvana səfər edib


20.06.2024 / 19:22Mühüm hadisələr



İyun ayının 20-də TÜBİTAK-ın rəhbəri, akademik Hasan Mandal Naxçıvan Muxtar Respublikasına səfər edib.

Səfər çərçivəsində türkiyəli qonaq AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müşayiəti ilə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül qoyub, Ümummilli Liderin xatirəsinə ehtiramını ifadə edib. Daha sonra Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olan H.Mandala Ulu Öndərin həyatı və zəngin siyasi fəaliyyəti haqqında müfəssəl məlumat verilib. Akademik xatirə kitabına ürək sözlərini yazıb.

XII əsr Naxçıvan memarlığının inci sayılan Mömünə Xatın türbəsi, Açıq Səma Altında Muzey, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbər türbəsi, Heydər məscidi və Əshabi-Kəhf dini ziyarətgahında olan alim yüksək təəssüratlarını ifadə edib.

Gəzintinin davamında AMEA-nın Naxçıvan Bölməsində olan TÜBİTAK-ın rəhbəri bölmədə nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olub. Aparılan tədqiqatların mahiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, sonda bölmə rəhbəri İsmayıl Hacıyev “Naxçıvan–Şərqin əfsanəsi” kitabını qonağa hədiyyə edib.

Sonra muxtar respublikanın dilbər guşəsi olan Batabat yaylağında (Zəngəzur Milli Parkı) olan qonaq “Qərbi Azərbaycana qayıdış” festival-konqresinə hazırlığın vəziyyəti ilə tanış olub.