AMEA Naxçıvan Bölməsi

AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev: Amazonlar, yoxsa əfsanəvi döyüşçü qadınlar?


08.04.2024 / 13:39Mühüm hadisələr



Son vaxtlar beynəlxalq kütləvi informasiya vasitələrində Naxçıvanda amazon qəbirlərinin tapılması haqqında məlumatlar yayılmışdır. Məlumata görə Naxçıvanda Britaniya arxeoloqu Bettani Hyuzun rəhbərliyi ilə aparılan qazıntılarda təhlükəli qadın döyüşçülərin-amazonların qəbirləri tapılmışdır.

Hər şeydən əvvəl qeyd etmək istəyirik ki, Britaniya arxeoloqu Bettani Hyuz heç vaxt Naxçıvanda arxeoloji qazıntılara rəhbərlik etməyib. Bu qadın sadəcə Xaraba Gilan arxeoloji ekspedisiyasında iştirak edib. Qazıntılara isə arxeoloq, dosent Bəhlul İbrahimli rəhbərlik edib. Qadın döyüşçülərin qəbirləri ilk dəfə 1926-cı ildə rus alimi, professor İ.İ.Meşşaninovun Qızılburunda apardığı qazıntılar zamanı aşkar olunub.

Arxeoloq Bəhlul İbrahimlinin Ordubad rayonunda Xaraba Gilanda, II Plovdağ nekropolunda apardığı araşdırmalar zamanı da qadın döyüşçülərə aid qəbirlər aşkar olunmuşdur. Burada 6 və 12-ci qəbirlərdə əlində ox qabı, 13 ox və obsidian bıçaq tutan qadın skeletləri aşkar olunmuşdur. Şərur rayonunda Dizə və Oğlanqala kəndləri yaxınlığında yerləşən Qızqala nekropolunda beynəlxalq Azərbaycan-ABŞ arxeoloji eksprdisiyasının tədqiqatları zamanı da CR7 nömrəli kurqandan qadın döyüşçülərə aid skelet qalıqları aşkar olunub. Avropada qadınlar uzun müddət hüquqsuz olmuşdur. Elə buna görə də onlar Cənubi Qafqaza hücum edərkən ölmüş əsgərlər arasında qadın döyüşçüləri gördükdə çox təəccüblənmişlər. Qədim Avropa mənbələri qadın döyüşçüləri “amazon”lar adlandırmış və onları əfsanələşdirmiş, onların qeyri-adi döyüşçülər olduğunu yazmışlar.

Məhşur yunan qəhrəmanı Heraklın göstərdiyi 12 qəhrəmanlıqdan biri amazon çariçası İppolitanın sehirli qızıl kəmərini almaq olmuşdur. Bu əfsanələrin səbəbləri ulu əcdadlarmızın öz Vətənini inadla müdafiə etməsi və qeyri-adi qəhrəmanlıq göstərməsi və müasir dövrdə belə qeyri-adi görünən, bir neçə ton ağırlığı olan daş bloklardan müdafiə qalaları inşa etməsi olub. Yunan əfsanələri Qafqazda yaşayan qeyri-adi gücə sahib insanları “təpəgöz”, qadınları isə “amazon” adlandırmışlar. Amazon adlanan tayfalar arasında skiflər, albanlar və digərləri olmuşdur. Bu tayfalar Urartu dövlətinə müqavimət göstərmiş, ölkəmizin işğal olunmasına imkan verməmişdir. Daha sonra isə bu dövləti darmadağın etmişlər".