AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında Oxucu günü keçirilib


07.10.2020 / 13:20Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Oxucu günü” keçirilib. Tədbirdə kitabxananın direktoru Sahab Əliyeva kitabxanaların önəmli rolundan söz açaraq qeyd edib ki, muxtar respublikamızda həyatımızın digər sahələri ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti üçün hərtərəfli lazımi şərait yaradılıb. O, rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və oxucularla əlaqələri barədə məlumat verərək bildirib ki, bu gün “oxucu və kitab” daha çox aktuallıq kəsb etdiyindən kitabxana işçilərinin də üzərinə böyük vəzifələr düşür. 

Yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsində oxucuların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artdığını vurğulayın Sahab Əliyeva qeyd edib ki, mütaliəyə marağın artırılması, oxuculara kitabların sevdirilməsi baxımından fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsini keçirir, oxuculara belə kitablardan yararlanmağı məsləhət görürük. Məqsəd oxucularda mütaliəyə maraq oyatmaq, yeni tələblər səviyyəsində mədəni xidmət göstərməkdir. “Oxucu günü”nün təşkil edilməsində məqsəd xidmət işinin daha da yaxşılaşdırılmasıdır.

Daha sonra iştirakçıların sualları cavablandırılıb. Tədbir çərçivəsində sorğu anketləri paylanılıb. Oxucular kitabxananın xidmətlərindən razılıqla yanaşı öz təkliflərini də qeyd ediblər. Sonda kitabxananın müdiri təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.