AMEA Naxçıvan Bölməsi

Əməkdaşımızın məqaləsi nüfuzlu jurnalda nəşr olunub


05.05.2021 / 10:33Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Kültəpə mədəniyyətinin mənşəyi” adlı məqaləsi Ukrayna Elmlər Akademiyasının beynəlxalq indeksli “Arheologia” jurnalında dərc olunub.

Məqalədə Son Neolit dövründə Naxçıvan ərazisində formalaşan Kültəpə mədəniyyətinin mənşəyi məsələsinə aydınlıq gətirilir. Burada 2014-2018-ci illərdə I Kültəpə yaşayış yerində müəllifin də daxil olduğu Azərbaycan-Fransa beynəlxalq ekspedisiyasının apardığı arxeoloji qazıntılar nəticəsində aşkar olunan tikili qalıqları, keramika məmulatı, əmək alətləri, fauna və flora qalıqları müqayisəli tədqiqata cəlb olunmuşdur. Müəyyən edilmişdir ki, Kültəpə mədəniyyəti Son Neolit dövründə Cənubi Qafqazda formalaşan mədəniyyətlər içərisində ən qədimi olmaqla yerli zəmində ortaya çıxmış və tədricən Qarabağda, Ağrı vadisində yayılmışdır. Müəllif bu mədəniyyətin Urmiya gölü hövzəsində yerləşən sinxron abidələrlə ortaq xüsusiyyətlərini vurğulayaraq bildirir ki, bu dövrdə Cənubi Qafqazla Yaxın Şərq arasındakı mədəni-iqtisadi əlaqələrin həyata keçirilməsində Naxçıvan xüsusi əhəmiyyət daşıyıb.

Qeyd edək ki, jurnalın internet portalında da yerləşdirilən məqalə  (https://doi.org/10.15407/archaeologyua2021.01) istinad məqsədli endirilmə sayına görə də ön sırada dayanır.