AMEA Naxçıvan Bölməsi

Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü


30.04.2021 / 13:48Mühüm hadisələr



Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” XII Beynəlxalq elmi-praktiki konfrans baş tutub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransın Plenar iclasında “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda məruzə edib. İki əsrdən artıq bir müddətdə erməni şovinistlərinin tarixi torpaqlarımıza qarşı irəli sürdüyü heç bir real əsasa söykənməyən ərazi iddiaları, xalqımıza qarşı törədilən soyqırım və etnik təmizləmə siyasətindən bəhs edən alim söyləyib ki, bu müddət ərzində soydaşlarımız amansız qətliamlara məruz qalmış, öz doğma yurdlarından qovulmuş və torpaqlarımızın dörddə üç hissəsi itirilmişdir. XIX əsrin 20-ci illərinə qədər Azərbaycanın sahəsi təxminən 410 min kv. km olduğu halda, müxtəlif dövrlərdə ərazilərin qoparılması nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti dövründə 113,9 min kv.km olmuşdur. Zəngəzur, Dərələyəz qəzaları, Dilican və Göyçə ərazisi, Lehvaz, Astazur, Nüvədi və b. yaşayış məntəqələrinin Ermənistana birləşdirilməsi ilə bu rəqəm daha da kiçilmişdir.

Akademik Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün ermənilərin yürüdüyü gizli fəaliyyətindən, 1960-1970-ci illərdə ümummilli lider Heydər Əliyevin bu xain niyyətə qarşı sərgilədiyi kəskin mövqedən bəhs edib. Bildirib ki, bu sərt mövqe respublikanın gənc rəhbəri üçün təhlükəli olsa da, Azərbaycan xalqının mənafelərini hər şeydən üstün tutan Heydər Əliyev təzyiqləri rədd edərək öz mövqeyindən dönmədi. Onun məntiqi, biliyi, bacarığı Moskvanı geri çəkilməyə vadar etdi. Dahi lider Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ermənilərin torpaq iddialarının həyata keçməsinə heç vaxt yol vermədi, Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilmədi.

XX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarının – İrəvan, Göyçə və Zəngəzur mahallarının işğal edilməsi ilə kifayətlənməyən ermənilər “böyük Ermənistan” xülyasını yenidən ortaya atdılar”,- deyən məruzəçi Qərbi Azərbaycandan həmvətənlərimizin kütləvi şəkildə deportasiyası, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı ərazi iddialarından danışıb. Vurğulanıb ki, 1990-1993-cü illərdə Bakıda gedən proseslərin əksinə olaraq, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasını Heydər Əliyev mətinliklə müdafiə etmiş, həmişə xalqın yanında olmuş, Naxçıvanı tarixin çətin sınaqlarından çıxarmışdır. 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndərin müəyyənləşdirdiyi düzgün strategiya və uğurlu siyasət erməniləri danışıqlar masası arxasına oturmağa və atəşkəs barədə saziş imzalamağa məcbur etdi.

Akademik Ümummilli liderin diplomatik istedadına da diqqət çəkib. Bildirib ki, informasiya blokadasının yarılması, Dağlıq Qarabağ probleminə dair həqiqətlərin dünya dövlətləri arasında özünəlayiq yer tutması, BMT, ATƏT, AŞ, Aİ, İKT, QİƏT, MDB kimi təşkilatlarla geniş və sıx əməkdaşlığın yaradılması məhz bu istedadın nəticəsi idi. Ulu öndər Heydər Əliyevin ərazi bütövlüyümüzün təmin olunması sahəsində apardığı siyasət bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə 17 il ərzində Azərbaycan müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüş, II Qarabağ-Vətən müharibəsində qarşıya qoyulan vəzifələr uğurla həll edilmişdir. BMT-nin, ATƏT-in Minsk qrupunun həll etməli olduğu problemi Azərbaycan Ordusu 44 günə həll etmiş, düşməni işğal etdiyi torpaqlarımızdan çıxarmış, Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir.