AMEA Naxçıvan Bölməsi

Muxtar respublika məktəbliləri üçün interaktiv dərs olub


13.04.2021 / 12:14Mühüm hadisələr



AMEA-nın Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Naxçıvan Muxtar Respublikasının petrofil (qaya-töküntü) bitkiliyi” mövzusunda interaktiv dərs olub.

Bölmənin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya ürə fəlsəfə doktoru, dosent Namiq Abbasovun apardığı dərsdə ilk növbədə muxtar respublikanın zəngin florası haqqında məlumat verilib, relyef, iqlim xüsusiyyətləri və başqa amillərin təsirlərindən bəhs olunub. Bildirilib ki, qayalıq, daş töküntülü ərazilərdə yayılmış bitkilər geobotanikada petrofil termini adı altında ümumiləşdirilmişdir. Petrofil bitkilər Naxçıvan Muxtar Respublikası ərazisində 75 fəsil, 210 cins və 350-dən artıq növlə təmsil olunur. Onlardan bəzilərinin adı nadir bitki kimi “Naxçıvan Muxtar Respublikası florasının “Qırmızı kitabına” düşmüş, bir neçə növün adının isə kitabın növbəti cildinə daxil edilməsi tövsiyə edilmişdir.

Dərs zamanı məktəblilər floramızın tədqiqi, onun növ tərkibinin dəqiq müəyyən edilməsi, inventarlaşdırılması haqqında da məlumatlandırılıblar. Dosent Namiq Abbasov diqqətə çatdırıb ki, çoxillik tədqiqatlar zamanı Naxçıvan Muxtar Respublikasının florası tədqiqatçılar tərəfindən araşdırılsa da, petrofil bitkiliyin əmələ gətirdiyi fitosenozlar, onları formalaşdıran növlərin tərkibi və quruluşu dərindən öyrənilməmişdir. Regionun petrofil bitkiləri içərisində faydalı, “Qırmızı Kitab”a düşmüş nadir, endemik, relikt növlər üstünlük təşkil edir. Bu növlər arasında xüsusilə, bəzək, efiryağlı, dərman, qida, eroziyanın qarşısını alan bitkilərin böyük təbii ehtiyatı vardır.

Bu bitkilərin yayılma arealından danışan tədqiqatçı qeyd edib ki, Zəngəzur Milli Parkı petrofil bitkilərin ən geniş yayıldığı və qorunduğu ərazilərdəndir. Vurğulanıb ki, həmin bitkilər eyni zamanda muflon, bezoar keçisi kimi qiymətli heyvan növlərinin əsas qidasını təşkil edir, onların qorunması və çoxaldılması həmin heyvanların da yem ehtiyatının artması deməkdir. Bu baxımdan petrofil bitkilərin ətraflı tədqiq olunması, mühafizəsi, səmərəli və davamlı istifadə olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi bu gün qarşıda duran ən aktual məsələlərdəndir. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında Florens tülpanı, Exler tülpanı, torlu süsən, müsəlman süsəni, Komarov şaqqıldağı, adi zirinc, şərq palıdı, gürcü doqquzdonu, kolvarı jasmin və digər nadir petrofil bitki növlərinin genofondu yaradılmışdır.