AMEA Naxçıvan Bölməsi

Məktəblilər beynəlxalq müsabiqənin diplomuna layiq görülüb


13.03.2021 / 11:39Mühüm hadisələr



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir.
Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun İnnovasiya və elmi-istehsalat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun elmi rəhbərliyi ilə tədqiqat aparan iki məktəbli “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının keçirdiyi müsabiqədə iştirak edib.
Müsabiqənin sonunda Naxçıvan şəhər 15 saylı tam orta məktəbin IX sinif şagirdi Nəsibə Əzizovanın “Adi boymadərən və onun faydalı xüsusiyyətləri” adlı məqaləsi II dərəcəli, 14 saylı tam orta məktəbin X sinif şagirdi Azər Əliyevin “Naxçıvan Muxtar Respublikası florasında yayılan Adi boymadərən bitkisinin biomorfoloji, fitokimyəvi xüsusiyyətlərinin və istifadə perspektivlərinin öyrənilməsi” adlı məqaləsi isə III dərəcəli diplom və sertifikata layiq görülüb.
Qeyd edək ki, məktəblilər “Naxçıvan Muxtar Respublikası ərazisində Adi boymadərən növünün yayılması, tərkibindəki bioloji aktiv maddələrin və faydalı xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda tədqiqat aparırlar. Tədqiqat dövründə onlar dosent Ramiz Ələkbərovun rəhbərliyi ilə adi boymadərən bitkisindən ekstrakt, dəmləmə və qarışıq hazırlayıblar. Hazırlanan ekstraktın tərkibindəki bioloji aktiv maddələr fotospektr vasitəsilə araşdırılmış və müəyyən uğurlu nəticələr əldə edilmişdir.