AMEA Naxçıvan Bölməsi

Layihənin daha bir uğuru


04.03.2021 / 11:21Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi "Sabahın tədqiqatçıları" layihəsinin iştirakçıları mükafatlandırılıb.
Bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın elmi rəhbərliyi ilə Naxçıvan şəhər H.Cavid adına 5 №-li orta məktəbin X sinif şagirdi Zümrüd Babazadənin “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan sarıçiçək, böyürtkən və yunan qozu bitkilərindən təbii boyaqların alınması” adlı layihəsi müsabiqənin III dərəcəli diplom və medalına layiq görülüb. Müsabiqəyə kimya kateqoriyası üzrə qatılan digər 5 məktəbli isə sertifikatla mükafatlandırılıb.
Məlumat üçün qeyd edək ki, Z.Babazədənin icra etdiyi layihənin məqsədi muxtar respublika ərazisində yayılmış sarıçiçək (Carthamus tinctorius L.), böyürtkən (Rubus caesius L.) və yunan qozu (Juglans regia L.) bitkilərindən təbii boyaqların əldə olunması və müxtəlif sahələrdə onların istifadə imkanlarını araşdırmaqdan ibarətdir. Aparılan tədqiqatlar nəticəsində adıçəkilən bitkilərdən müxtəlif həlledicilər tətbiq edilməklə sarı, qırmızı və tünd qəhvəyi rəngli ekstraktlar alınmış, alınan ekstraktların tərkibindəki bioloji aktiv birləşmələr xromatoqrafik və spektrofotometrik metodlarla öyrənilmişdir. Bununla yanaşı ekstraktların rənglərinə mühitin pH qiymətinin və müxtəlif bərkidicilərin təsiri araşdırılmış, ümumi fenollu birləşmələr Folin-Ciocalteu metodu ilə tədqiq edilmişdir. Bitki nümunələrindən alınmış boyaqlar müxtəlif parçaların boyanması üçün tətbiq edilmişdir.