AMEA Naxçıvan Bölməsi

Naxçıvanlı tədqiqatçılar beynəlxalq müsabiqədə diploma layiq görülüblər


04.02.2021 / 15:39Mühüm hadisələr



   AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, institut əməkdaşlarından Turan Həşimova və Elmar Baxşəliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “Mərkəzi Asiyanın qədim və orta əsr mədəniyyətləri (şəhərləşmə və maldar cəmiyyətlərin təşəkkülü, inkişafı və qarşılıqlı əlaqəsi)” mövzusunda beynəlxalq onlayn konfransda iştirak ediblər.

   Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun, Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin, Şərq Əlyazmaları İnstitutunun və Dövlət Ermitajının birgə təşkilatçılığı ilə keçirilən konfransda Naxçıvanın qədim dövr arxeologiyası ilə bağlı ən son elmi yeniliklər beynəlxalq elmi ictimaiyyətə təqdim olunmuş, əməkdaşlarımız Naxçıvan arxeologiyası ilə bağlı çoxsaylı sualları cavablandırmışlar.

   Konfransın Təşkilat Komitəsi tərəfindən professor Vəli Baxşəliyevin “Naxçıvanın Neolit mədəniyyətinin Orta Şərqlə əlaqələri” və dosent Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit mədəniyyətinin Yaxın Şərqlə əlaqələri” adlı məqalələrinin elmi əhəmiyyəti nəzərə alınaraq Ümumrusiya Elmi Tədqiqatlar Cəmiyyəti tərəfindən Moskva şəhərində keçirilən müsabiqəyə təqdim edilmişdir.

   “31.01.2021 – elmi-tədqiqat işlərinin 31-ci beynəlxalq müsabiqəsi”ndə uğurla iştirak edən alimlər sertifikatla mükafatlandırılıb. 518 tədqiqatçının iştirak etdiyi müsabiqədə əməkdaşlarımızın təqdim etdiyi hər iki məqalə maraqla qarşılanmış və arxeologiya üzrə məqalələr nominasiyasında II dərəcəli Diplomla təltif ediliblər.