Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Məhəmməd Füzuli yaradıcılığından bəhs edən məqalələr toplusu çapdan çıxıb.
“Böyük Azərbaycan şairi Məhəmməd Füzuli” adlı məqalələr toplusu AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hazırlanıb.
Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq hazırlanan toplu AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu, filologiya üzrə fəlsəfə doktorları, dosent Zülfiyyə İsmayıl və dosent Aygün Orucovanın rəyləri ilə nəşr olunub. Əsərin tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovdur.
Məqalələr toplusu Ümummilli lider Heydər Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında fikirləri və Prezident İlham Əliyevin qüdrətli söz ustadının 530 illiyi ilə bağlı imzaladığı sərəmcam ilə başlayır.
Toplu “Füzuli sənətinə ehtiramla” başlıqlı ön sözdən və 15 tədqiqatçının Füzuli yaradıcılığından bəhs edən məqalələrindən ibarətdir.
Kitaba yazdığı “Ön söz”də professor Əbülfəz Quliyev filosof-şair Məhəmməd Füzulinin yaradıcılığının ədəbiyyatşünaslığımızdakı yerindən, formalaşdırdığı Füzuli məktəbindən söz açmış və qüdrətli şairin irsini öyrənən ədəbiyyatşünas alimləri diqqətə çatdırmışdır. AMEA Naxçıvan Bölməsinin elm adamları tərəfindən hazırlanan toplunu Füzuli yaradıcılığının öyrənilməsinə töhfə, onun irsinə ehtiramın nümunəsi kimi xarakterizə etmişdir.
Topluda yer alan “Məhəmməd Füzuli “Leyli və Məcnun”u prof. Yusif Seyidovun araşdırmalarında”, “Füzuli yaradıcılığında qeyri-təyini ismi birləşmələrin linqvistik təhlili”, “Azərbaycan tənqidi realizmində Füzuli ənənələri”, “Füzuli dilində arxaik sözlər”, “Füzuli ənənələrindən bəhrələnən şair”, “Məhəmməd Füzuli yaradıcılığında mərsiyə janrı”, “Məhəmməd Füzulinin fəlsəfi dünyası”, “Məhəmməd Füzuli yaracılığında söz”, “Füzuli yaradıcılığının fəlsəfəsində paremoiloji vahidlərin rolu”, “Məhəmməd Füzuli XX əsr Azərbaycan incəsənətində”, “Şərq ədəbiyyatında məqtəl janrında yazılan şah əsər – Hədiqətüs-süəda”, “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli və milli təsviri sənətimiz”, “Söz xəzinəsinin sultanı Məhəmməd Füzuli”, “Məhəmməd Füzuli poeziyası və Azərbaycan musiqisi” adlı məqalələrdə Füzuli yaradıcılığı müxtəlif aspektlərdən araşdırmaya cəlb olunmuş, maraqlı təhlillərə yer verilmişdir.
Naxçıvanlı alim Dünya Neolit Konqresində məruzə edib
AMEA Naxçıvan Bölməsində Zəfər Günü qeyd olunub
Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü
adlı virtual sərgi açılıb
Naxçıvan dilçilik məktəbi
kitabı nəşr olunub