AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən 2007-ci ildən başlayaraq Naxçıvanın görkəmli yetirmələrinin həyat və yaradıcılığını əks etdirən “Taleyi və sənəti” seriyası üzrə kitablar hazırlanaraq nəşr olunur.
Həmin seriyanın yenicə işıq üzü görmüş növbəti sayı XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair-dramaturq, publisist, jurnalist və tərcüməçi Hüseyn Razinin anadan olmasının 100 illiyinə həsr olunub.
Kitabın tərtibçisi AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, elmi redaktoru isə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevdir. Kitab “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatda çapdan çıxıb.
Dörd bölmədən ibarət əsər AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyevin kitaba yazdığı “Ön söz”lə başlayır. Burada ömrünü Naxçıvanın ədəbiyyat və mətbuatının inkişafına həsr etmiş şairin gənc ədəbi qüvvələrin formalaşmasındakı rolu diqqətə çatdırılır. “Hüseyn Razi: taleyi və sənəti” kitabı sənətkarın anadan olmasının 100 illiyinə dəyərli töhfə kimi qiymətləndirilir.
Kitabın ilk bölməsi “Hüseyn Razi müasirlərinin gözü ilə” adlanır. Burada Xalq yazıçısı Mirzə İbrahimov, xalq şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Rahim və başqa görkəmli elmi və ədəbi mühit nümayəndələrinin Hüseyn Razinin yüksək mənəvi keyfiyyətləri və yaradıcılığı barədə fikirləri yer alır.
“Ədəbi-bədii və elmi irsinə aid araşdırmalar” adlanan növbəti bölməyə şairin həyat yolu, ictimai fəaliyyəti, ədəbi-bədii və elmi-publisistik əsərləri ilə bağlı yazılan məqalələr daxil edilib. Məqalələrdə Hüseyn Razi yaradıcılığı, eləcə də keşməkeşli həyat yolu müxtəlif aspektlərdən araşdırılıb. “Vətəndaşlıq poeziyasının tərcümanı”, “Şair Hüseyn Razinin həyat və yaracılığının ümumi mənzərəsi”, “Hüseyn Razinin elmi irsi”, “Atam haqqında xatirələrim” başlıqlı yazılar məhz bu qəbildəndir. Ümumilikdə 14 alim və tədqiqatçının kitaba daxil edilmiş məqalələrində Hüseyn Razinin elmi irsi, yaradıcılığının üslubi-semantik, dil-üslub və sənətkarlıq xüsusiyyətləri, lirikası, poemaları, publisistikası, o cümlədən şairin yaradıcılığında yer alan folklor nümunələri ilə bağlı araşdırmaların nəticələri əksini tapıb. Onun Naxçıvanda yeni ədəbi qüvvələrin formalaşmasındakı rolu qeyd olunur, səhnələşdirilən dram əsərləri barədə maraqlı məqamlara toxunulur.
Əsərin üçüncü bölməsinə müasirlərinin Hüseyn Raziyə ünvanladıqları bəzi məktublar verilib. Həmin məktublarda şairin sənət dostlarının, tanınmış qələm sahiblərinin ona bəslədikləri xoş münasibət və ehtiram aydın hiss edilir.
“Fotolarda qalan anlar” adlanan sonuncu bölmədə Hüseyn Razinin həyatının müxtəlif dövrlərini əks etdirən, dövrünün tanınmış ictimai və ədəbiyyat xadimləri ilə çəkdirdiyi fotoşəkillər oxuculara təqdim olunur. Qeyd edək ki, əsərin II fəsli istisna olmaqla kitabda toplanan bütün materiallar şairin qızı Firuzə Rzayeva tərəfindən mühafizə olunan arxivinə məxsusdur.
Maraqlı və nəfis tərtib olunmuş kitab görkəmli şair və ictimai xadim Hüseyn Razi haqqında ətraflı məlumat toplamaq, onun zəngin fəaliyyəti və çoxcəhətli yaradıcılığı ilə tanış olmaq istəyənlər üçün etibarlı mənbədir.
Naxçıvanlı alim Dünya Neolit Konqresində məruzə edib
AMEA Naxçıvan Bölməsində Zəfər Günü qeyd olunub
Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü
adlı virtual sərgi açılıb
Naxçıvan dilçilik məktəbi
kitabı nəşr olunub