Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev iclasda nitq söyləyib.
Daha sonra Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə Yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib.
Z.Səmədzadə Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında iştirakını, dəyərli fikirlərini bölüşməsini və proqram xarakterli tövsiyələrini verməsini parlamentin tarixinə yazılan ən mühüm hadisələrdən biri kimi dəyərləndirib. O, Ulu Öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirərək Azərbaycanı zirvələrə yüksəltdiyinə, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirdiyinə görə deputatlar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib və ona gələcək işlərində yeni böyük uğurlar arzulayıb.
Bildirilib ki, Azərbaycan müstəqil inkişaf yolunda qarşıya çıxan böyük çətinlikləri aradan qaldırıb, dövlət və cəmiyyət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və fədakarlığı sayəsində əzəli torpaqlarımızın 30 illik işğaldan azad olunması milli tariximizdə yeni səhifə açıb. Diqqətə çatdırılıb ki, erməni işğalından azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, məcburi köçkünlərin yurd həsrətinə son qoyulur. Qeyd edilib ki, müstəqillik dövründə ilk dəfə olaraq Milli Məclis ölkəmizin bütün ərazisində keçirilən seçkilər yolu ilə formalaşıb.
Z.Səmədzadə Milli Məclisə üzv seçildiklərinə görə deputatları təbrik edib və yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
O, həmçinin bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən, iclasın gündəliyinə 9 məsələ daxildir. Bunlar Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması, Milli Məclisin sədrinin və sədr müavinlərinin seçilməsi, İntizam komissiyasının yaradılması, Milli Məclisin komitə sədrlərinin və sədr müavinlərinin seçilməsi ilə bağlı məsələlərdir.
İclasın gündəliyi təsdiqlənib.
Sonra iclasda Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması barədə məsələyə baxılıb. Deputatlar Naqif Həmzəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova, Mixail Zabelin komissiyanın üzvləri seçiliblər.
Ziyad Səmədzadə diqqətə çatdırıb ki, ikinci məsələ - Milli Məclis sədrinin seçilməsi məsələsidir. O, qeyd edib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli Məclisin sədri vəzifəsinə namizədliyi parlamentin deputatları irəli sürə bilərlər. Bildirilib ki, parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri bu gün yığıncaq keçirərək, Milli Məclisin sədri vəzifəsinə öz namizədlərini müəyyən ediblər.
Sonra deputat Eldar İbrahimov parlamentin sədri vəzifəsinə Yeni Azərbaycan Partiyasının namizədini təqdim edib. YAP-ın 68 deputat mandatı qazanaraq parlament çoxluğuna sahib olduğunu xatırladan E.İbrahimov diqqətə çatdırıb ki, Partiyadan Milli Məclisə seçilmiş deputatlar parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya sədrinin tövsiyəsini nəzərə alaraq, Milli Məclisin sədri vəzifəsinə deputat Sahibə Qafarovanın namizədliyini irəli sürür.
İclasda çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və partiya həmfikirlərinə dərin minnətdarlığını bildirib.
Ziyad Səmədzadə bildirib ki, deputat Eldar Quliyev Hesablayıcı komissiyanın sədri, deputat Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
Sonra Sahibə Əli qızı Qafarova gizli səsvermə nəticəsində Milli Məclisin sədri vəzifəsinə seçilib.
Parlamentin sədri kimi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığını sərf edəcəyini söyləyən S.Qafarova YAP-ı Milli Məclisin rəhbərliyində təmsil edərkən güclü və nüfuzlu qanunvericilik orqanı barədə partiyanın ideyalarını reallaşdırmağa çalışacağını vurğulayıb. Deyib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin siyasi inkişafında, dövlətimizin strateji hədəflərinin əldə edilməsində, sosial həmrəyliyin möhkəmləndirilməsində önəmli rol oynayır. 2024-cü ilin parlament seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda irəliyə doğru mühüm addım olduğunu, ölkəmizin siyasi sisteminin yetkinliyini və cəmiyyətimizdə cərəyan edən demokratik proseslərin sabit, davamlı olduğunu göstərdiyini diqqətə çatdıran S.Qafarova seçkilərin ən yüksək standartlara uyğun şəkildə azad, ədalətli və şəffaf şəraitdə keçirilməsinin xalqımızın iradəsinin dəqiq ifadə olunmasını təmin etdiyini deyib. “Seçkilər nəticəsində YAP üzvlərinin parlamentdə yerlərin əksəriyyətini qazanması Sədrimiz İlham Əliyev başda olmaqla, partiyamızın xalq arasında nə qədər böyük nüfuza malik olduğunu bir daha nümayiş etdirdi”, - deyə o əlavə edib. Altıncı çağırış Milli Məclisin fəaliyyətinin Azərbaycanın həyatında dinamik inkişaf və tarixi qələbələr dövrünə təsadüf etdiyini xatırladan S.Qafarova 20 il əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatında əldə olunmuş inkişaf tempinin ötən dövrdə də qorunub saxlanıldığını, Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının tarixdə heç vaxt olmadığı qədər artırıldığını, ölkəmizin hər bir çətinliyi aradan qaldırmağa qadir və zəngin imkanlarından məharətlə istifadə etməyi bacaran güclü dövlətə çevrildiyini bildirib.
“Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında qazanılan möhtəşəm qələbələr dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin edib”, - deyən S.Qafarova tarixi ədalətin öz yerini tutmasının, Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsinin Azərbaycanın müstəqillik tarixində yeni dövr açdığını diqqətə çatdırıb. Bildirib ki, düşmənə endirilən “dəmir yumruq” dövlətimizin qüdrətinin və xalqımızın birliyinin rəmzinə çevrilib.
O, ötən illər ərzində Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldiyini, Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini, Prezident İlham Əliyevin təşəbbüsü ilə təsisatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması ölkəmizin uğurlu sədrliyinin nəticələri olduğunu vurğulayıb.
S.Qafarova altıncı çağırış Milli Məclisin fəaliyyətinin Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin parlament ölçüsünü təmin etməyə yönəldiyini əlavə edib, parlamentdə aparılan islahatlardan, görülən işlərdən, beynəlxalq səviyyədə qurulan əməkdaşlıqdan və genişləndirilən əlaqələrdən danışıb.
Azərbaycanın günbəgün inkişaf etdiyini və dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artdığını bir daha diqqətə çatdıran S.Qafarova Prezidentin sabit, qüdrətli və heç kəsdən asılı olmayan dövlət barəsində baxışlarının həyata keçməsinə Milli Məclisin bundan sonra da var gücü ilə kömək göstərməli olduğunu vurğulayıb. Milli Məclisin fəaliyyətinin dövlət siyasətinin parlament ölçüsünün daha da möhkəmləndirilməsi baxımından önəmli rol oynayacağına əminliyini söyləyib. Deyib ki, bununla əlaqədar bu gün Prezidentin nitqində irəli sürdüyü tövsiyələr Milli Məclisin fəaliyyətində rəhbər göstərişlər kimi daim nəzərə alınacaq.
“Ölkəmiz öz inkişafının mühüm və sınaqlarla dolu olan bir mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Azərbaycan dövlətinin keyfiyyətcə yeni bir səviyyəyə yüksəlməsi özü ilə bərabər çoxsaylı çağırışlar da gətirib.
Parlament ölçüsündə bu çağırışlara cavab vermək üçün Vətənə və xalqa məhəbbət, dövlətə sədaqət, dəyişən şəraitə və hadisələrə çevik münasibət bildirmək bacarığı tələb olunur. Bizim hər birimiz bu tələbə cavab verməliyik. Biz çalışmalıyıq ki, parlament fəaliyyətini Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin bu günü və gələcəyi naminə nümayiş etdirdiyi liderliyə layiq yüksək səviyyədə həyata keçirə bilək. Əminəm ki, Milli Məclis Azərbaycan dövlətinin və cəmiyyətinin qanunvericilik orqanına bəslədiyi ümidləri doğruldacaq, xalqımızın parlamentarizm ənənələrinin inkişafına yeni töhfələr verəcəkdir”, - deyə Sahibə Qafarova bildirib.
Sonra gündəliyin üçüncü məsələsinə - Milli Məclis sədrinin birinci müavininin seçilməsi məsələsinə baxılıb və açıq səsvermə yolu ilə Əli Cavad oğlu Əhmədov parlament sədrinin birinci müavini seçilib.
Növbəti üç məsələ Milli Məclis sədrinin müavinlərinin seçilməsi məsələsi olub. Ziyafət Abbas oğlu Əsgərov, Musa Cəfər oğlu Qasımlı və Rafael Baba oğlu Hüseynov Milli Məclis sədrinin müavinləri seçiliblər.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin yeddinci məsələsinin Milli Məclisin İntizam Komissiyasının yaradılması olduğunu bildirib. İntizam komissiyasının tərkibinə deputatlar Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kamaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev və Nizami Səfərovun namizədlikləri təklif edilib. Komissiyanın tərkibi səsə qoyularaq qəbul olunub.
Sədr gündəliyin səkkizinci məsələsinin Milli Məclisin komitələrinin sədrlərinin seçilməsi olduğunu diqqətə çatdırıb.
İclasda deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.
Sahibə Qafarova gündəliyin sonuncu – doqquzuncu məsələsinin Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında olduğunu söyləyib.
Sonra Deputat Elşən Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Arzuxan Əlizadə İnsan hüquqları komitəsinin, Fatma Yıldırım Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Razi Nurullayev Aqrar siyasət komitəsinin, Elşad Musayev Əmək və sosial siyasət komitəsinin, Rəşad Mahmudov Səhiyyə komitəsinin, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin, Könül Nurullayeva Gənclər və idman komitəsinin, Sahib Alıyev İctimai birliklər və dini qurumlar komitəsinin, Nurlan Həsənov Regional məsələlər komitəsinin, Fariz İsmayılzadə Elm və təhsil komitəsinin, Günay Əfəndiyeva Mədəniyyət komitəsinin, Nigar Arpadarai Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinləri təsdiq olunublar.
Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı tövsiyələrini birlikdə yerinə yetirmək üçün deputatların var güclərini səfərbər edəcəklərinə əminliyini bildirən S.Qafarova onları bir daha təbrik edib, işlərində uğurlar arzulayıb.
Bununla da yeddinci çağırış Milli Məclisin bugünkü iclası başa çatıb.