AMEA Naxçıvan Bölməsi

Qoca və dəniz əsəri müzakirə olunub


27.01.2022 / 15:06Tədbirlər



AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasında Ernest Herminqueyin “Qoca və dəniz” əsərinin müzakirəsi keçirilib.

Müzakirəni giriş sözü ilə açan Rəsədxananın baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamından bəhs edib. Bildirib ki, dünya, eləcə də milli ədəbiyyatımızın seçilən nümunələrinin yer aldığı “Oxunması zəruri olan kitablar siyahısı” cəmiyyətdə mütaliəyə marağın, kitab oxuma bacarıqlarının formalaşdırılmasında, dünyagörüşünün artırılmasında mühüm önəmə sahibdir.

Dosent Q.Həziyev Ernest Herminqueyin həyat və yaradıcılığı haqqında məlumat verib. Diqqətə çatdırıb ki, yazıçı XX əsr dünya ədəbiyyatının ən qabaqcıl nümayəndələrindən biridir.  Tədqiqatçı Ernest Herminqueyin əsərlərindən, xüsusilə 1952-ci ildə qələmə aldığı “Qoca və dəniz” əsəri ilə bağlı fikirlərini bölüşüb. Vurğulanıb ki, dünyaşöhrətli yazıçının 1954-cü ildə Nobel mükafatına layiq görülməsində onun böyük təsiri olmuşdur.

Rəsədxana əməkdaşlarından elmi işçi Ülvü Vəliyev və kiçik elmi işçi Faidə Hüseynova müzakirədə çıxış etmiş əsərin süjet xətti, məzmunu və personajları haqqında danışıblar. Əsərin ideyası və müəllifin bədii üslubu barədə maraqlı diskussiya aparılıb.