AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “ZK-4 tipli seolitin alınması üsulu” adlı ixtirasına görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən patent alıb.
İxtira qeyri-üzvi kimya sahəsinə, xüsusilə Naxçıvanın təbii seoliti əsasında ZK-4 tipli seolitin alınma üsuluna aiddir.
Naxçıvanın təbii seoliti Küküçay hövzəsinin şimal-qərbindən götürülmüş seolit tərkibli nümunədir. Burada seolitin miqdarı 75−80% intervalında dəyişir, tərkibi isə 78,5% əsas mineral olan mordenit, 19,5% kvars, 2,00% anortitdən ibarətdir. Ümumiyyətlə, ZK-4 seoliti yüksək silisiumlu minerallar qrupuna daxildir və onun sintezi zamanı çətinliklər yaranır, əsasən üzvi mühitdə alınır. Bir çox mütəxəssislər bu seolitin alınması ilə bağlı tədqiqatlar aparmış, müəyyən nəticələr əldə etmişlər. Tədqiqatçı Günel Məmmədovanın ixtira etdiyi alınma metodunun üstünlüyü onunla fərqlənir ki, ZK-4 tipli seolit daha sadələşdirilmiş üsulla üzvi mühit olmadan, yerli xammaldan istifadə etməklə, aşağı temperatur və qatılığa malik mülayim şəraitdə alınmışdır. Yeni üsulla alınmış seolit adsorbent kimi qazların tutulmasında, üzvi birləşmələrin dehidratlaşmasında, neftayırma sənayesində ağır neft fraksiyalarının daha yüngül fraksiyalara çevrilmə proseslərində katalizator kimi tətbiq oluna bilər.
Məlumat üçün qeyd edək ki, ixtisas sahəsi üzrə bu günə qədər çoxsaylı uğurlar qazanmış alim, həmçinin “Erionit tipli seolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı ixtiralarına görə daha iki patentin müəllifidir.
Naxçıvanlı alim Dünya Neolit Konqresində məruzə edib
AMEA Naxçıvan Bölməsində Zəfər Günü qeyd olunub
Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü
adlı virtual sərgi açılıb
Naxçıvan dilçilik məktəbi
kitabı nəşr olunub