AMEA Naxçıvan Bölməsi

Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan konfrans


21.05.2021 / 16:43Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda  “22 May Beynəlxalq Biomüxtəliflik Günü”nə həsr olunan elmi konfranskeçirilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Ekoloji Tərbiyə Mərkəzi və Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsi əməkdaşlarının da iştirak etdiyi konfransı giriş sözü ilə Bölmənin Bioresurslar İnstitu­tunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov açıb. Beynəlxalq Biomüxtəliflik Gününün qeyd olunmasının önəmini vurğulayan alim bu günü təbiətin mühafizə olunmasına aid keçirilən silsilə islahatların mühüm tərkib hissəsi kimi qiymətləndirib.

Qeyd olunub ki, son illərdə Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritet istiqamət kimi müəyyənləşdirilib və bu sahədə ciddi işlər görülür. Azərbaycanın Biomüxtəliflik üzrə Konvensiyaya, həmçinin  Orhus Konvensiyasına qoşulduğunu diqqətə çatdıran İsmayıl Məmmədov sözügedən sənədə edilən əlavələrdən, ətraf mühitin qorunması üçün atılan addımlardan bəhs edib.  Bu məqsədlə “Bitkilərin genetik ehtiyatlarına dair” Dövlət Proqramı, “Ətraf mühitin mühafizəsi üzrə” Milli Fəaliyyət Planı, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram və digər proqramların qəbul edildiyini söyləyib. Ölkə başçısının Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”dan söz açan alim biomüxtəlifliyin mühafizəsi üçün bir sıra tədbirlərin həyata keçirildiyini və yerinə yetirilməsi nəzərdə tutulan işlərdən bəhs edib.

Alim diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında da biomüxtəlifliyin qorunması istifamətində işlər yüksək səviyyədə davam etdirilir. Bu səmərəli fəaliyyətin aktiv iştirakçısı olan AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları təbiətə etdikləri ardıcıl ekspedisiyalar zamanı bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bitki və heyvan növlərinin müəyyən olunması, nəsli kəsilməkdə olan və endem növlərin öyrənilərək kitab halına salınması prosesləri hər il davam etdirilir.

Sonra AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov “Naxçıvan təbiətinin biomüxtəlifliyi”, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyev “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması”, Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov “Naxçıvan Muxtar Respublikasında yayılan Dalamazkimilər fəsiləsinə daxil olan bəzi növlərin xalq təbabətində rolu”, Naxçıvan Dövlət Universitetinin dosenti Fəridə Səfərova “Naxçıvan Muxtar Respublikası florasında Gicitkankimilər fəsiləsinin növmüxtəlifliyi və istifadə perspektivləri” və Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin əməkdaşı Vüsalə Qasımova isə “Biomüxtəlifliyin qorunmasında məktəblilərin rolu” mövzusunda məruzə ediblər.

Məruzələrdə muxtar respublikanın flora və faunasının öyrənilməsi, eləcə də qorunmasının vacibliyini vurğulanıb. Biomüxtəlifliyin qorunmasında qoruq, yasaqlıq və milli markların əhəmiyyəti haqqında geniş məlumat verilib. Dərman bitkilərin əhəmiyyəti və onların biomüxtəlifliyinin artırılması yolları təhlil edilib, muxtar respublikada məktəblilərin təbiətə ekskursiyalarının təşkili və faydalı nəticələrinə diqqət çəkilib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.