AMEA Naxçıvan Bölməsi

Qocaman alimin 80 illiyi qeyd olunub


30.03.2021 / 17:30Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi-işlər üzrə direktor müavini, kimya elmləri doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Bayram Rzayevin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qocaman alimin yüksək insani məziyyətlərindən və işgüzar elmi fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Bayram Rzayev ömrünü elmə, elmi tədqiqatlara həsr etmiş, səmərəli fəaliyyəti 40-ı kitab və monoqrafiya olmaqla 400-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Alim analitik kimya sahəsində yenilikçi tədqiqatları ilə nəzəri bilikləri pratikaya uğurla tətbiq etmiş, nəticədə 20 müəlliflik şəhadətnaməsi və patent almışdır. Bayram Rzayevin yarıməsrlik elmi fəaliyyəti, kimya elminə qazandırdığı töhvələr bu sahə tədqiqatçıları üçün əsl nümunədir.

Sonra akademik İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və anadan olmasının 80 illiyi münasibətilə Bayram Rzayevi AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edib.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev yığıncaqda “Kimya elmləri doktoru Bayram Rzayevin həyatı və elmi fəaliyyəti” mövzusunda məruzə edib.

Məruzədə bildirilib ki, Bayram Zülfüqar oğlu Rzayev 1941-ci il martın 21-də zəhmətkeş bir ailədə dünyaya göz açmış, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. Hələ tələbəlik illərindən elmi tədqiqatlara başlamış, universiteti bitirdikdən sonra Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun aspiranturasına daxil olmuş və analitik kimya laboratoriyasında kiçik elmi işçi kimi çalışmağa başlamışdır. O, 1967-ci ildə “Ammonium tetrarodanodiamminxromat kompleks duzu ilə palladiumun miqdari təyini” mövzusunda namizədlik, 2005-ci ildə “Arsen və sürmənin oksid, sulfid, selenidlərinin və bir sıra tiobirləşmələrinin yeni alınma metodlarının işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Alimin fəaliyyətinin bütün dövrlərini xarakterizə edən məruzəçi söyləyib ki, 1972-ci ildə Azərbaycan EA-nın Naxçıvan Reginal Elm Mərkəzi yaradıldıqdan sonra Bayram Rzayev burada fəaliyyətini davam etdirmiş, həmin elm müəssisəsinin formalaşmasında olduqca böyük xidmətləri olmuşdur. Muxtar respublikada mineral sərvətlərin işlənməsi üzrə ilk laboratoriyanın yaradılması da məhz Bayram Rzayevin adı ilə bağlıdır. Onun apardığı tədqiqatlarda Naxçıvan Muxtar Respublikasının mineral sərvətlərinin elmi və praktiki əsaslarının işlənməsi mühüm yer tutur.

Darıdağ termal suyundan arsen(III) sulfidin çökdürülərək ayrılması və ondan arsenin alınması prosesi məhz Bayram Rzayevin rəhbərliyi altında işlənmiş, eyni zamanda mənbədən ayrılan karbon qazının təmizlik dərəcəsi müəyyənləşdirilmişdir. 1986–cı ildə Darıdağ arsen filizindən natrium tioarsenit və arsenit qarışığından ibarət ikiqat arsen zəhəri peraparatı alınmış və heyvandarlıqda sınaqdan keçirildikdən sonra preparatın güclü təsirə malik olduğu müəyyənləşdirilmişdir.

Təcrübəli alim yeni reaksiya üzrə müxtəlif sulfidlərin ağır metal duzları ilə əmələ gətirdiyi üçlü birləşmələrin su mühitində və otaq temperaturunda alınması mümkünlüyünü müəyyənləşdirmiş və aparılan işlər üzrə patentlər almışdır.

2003-cü ildən etibarən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyətini davam etdirən  alimin iştirakı ilə hazırda Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında Naxçıvan Muxtar Respublikasının mineral sərvətləri, o cümlədən Parağaçay molibdenit filizi, Gümüşlü qurğuşun filizi işlənmiş, bu sahədə tədqiqatlar bu gün də davam etdirilməkdədir. Bayram Rzayev tərəfindən Naxçıvan daş duzundan tibbi NaCl və mərmərdən tibb sahəsində istifadə edilən CaCl2-in alınma texnologiyası işlənmiş və yeni metod kimi patentləşdirilmişdir.

Novator alimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Bayram Rzayevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunmuş “Qısa Kimya Ensiklopediyası”, iki cildlik “Kimya tarixi”, “Arsen və Darıdağ termal suyu”, “Möcüzələr aləmi”, “Dəri texnologiyası”, “Molibden”, “İndium”, həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri”, eləcə də tanınmış alim və mütəfəkkirlərə həsr olunmuş əsərləri sanballı elmi nəşrlərdəndir.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova yıöncaqda çıxış edərək Bayram Rzayevi təbrik etmiş, ona xoş diləklərini çatdırmışlar.

Tədbirin sonunda Bayram Rzayev elmi fəaliyyətinə verilən dəyərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.