AMEA Naxçıvan Bölməsi

Professor Tofiq Əliyevin 70 illik yubileyi qeyd olunub


19.03.2021 / 16:26Tədbirlər



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyevin 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.

Akademik muxtar respublikada elm xadimlərinə göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, əlamətdar günlərin, yubiley tədbirlərinin keçirilməsi alimlərimizin fəaliyyətinə verilən dəyər olmaqla yanaşı, həm də gənc tədqiqatçılar üçün stimulverici addımdır.

Bölmə sədri çıxışında professorun elmi fəaliyyətinə qısa nəzər salıb. Vurğulayıb ki, Tofiq Əliyev Azərbaycan kimya elminin inkişafına dəyərli töhvələr verən, yeni nəsil kimyaçıların formalaşmasında xüsusi xidmətləri olan alimlərdəndir. İstər Naxçıvan Dövlət Universitetində, istərsə də AMEA Naxçıvan Bölməsində işlədiyi dövrdə o, əsl tədqiqatçı, savadlı müəllim və geniş dünyagörüşünə malik ziyalı kimi tanınmışdır.

Qeyd olunub ki, professor Tofiq Əliyevin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif edilmişdir.

Sonra akademik İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibəti ilə yubilyara AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını təqdim edib.

Tədbirdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyevin həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə bildirilib ki, 1951-ci il mart ayının 25-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində dünyaya göz açan professorTofiq Əliyev 1958-ci ildə qəsəbə məktəbində ibtidai təhsilinə başlamış, daha sonra təhsilini yenicə açılmış internat məktəbində davam etdirmişdir. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə  bir il Saatlı rayonunda müəllim işləmişdir. 1974-cü ildən taleyini Naxçıvan Dövlət Universiteti ilə bağlayan alim burada baş laborant, assistent, müəllim, baş müəllim, dosent, dekan müavini, kafedra müdiri vəzifələrində çalışmışdır. O, 2019-cu ildən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Alimin elmi və pedaqoji fəaliyyətini əlaqələndirmə bacarığından söz açan dosent Əhməd Qarayev diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetinin tarixində ilk dəfə eksperimental xarakterli tədqiqat işlərinin aparılması məhz Tofiq Əliyevin adı ilə bağlıdır. Onun apardığı tədqiqat işlərinin əsas hissəsi böyük elmi-praktiki əhəmiyyət kəsb edən bir məsələyə - neft və qaz sənayesində istismar olunan polad avadanlıqların korroziya, abraziv və mikrobioloji dağılmadan mühafizəsi məsələlərinə həsr olunmuşdur. Alim 1988-ci ildə "İkifazalı karbohidrogen – elektrolit sistemlərində fenolun bəzi törəmələri vasitəsilə poladın korroziyadan inhibitorlaşdırılması prosesinin fiziki-kimyəvi öyrənilməsi" mövzusunda namizədlik dissertasiyası, 2011-ci ildə isə "Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adı almış, AMEA-nın müxbir üzvü seçilmişdir.

Tofiq Əliyev dəfələrlə Rusiya, Ukrayna və Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq konfrans, simpozium və qurultaylarda iştirak etmiş, maraqlı məruzələri ilə həmkarlarının diqqətini cəlb etmişdir.  Onun məqalələri Rusiya, Ukrayna, Türkiyə, Hollandiya, eləcə də respublikamızda nəşr olunan müxtəlif nüfuzlu jurnallarda dərc edilmiş, apardığı tədqiqatlar istər ölkəmizdə, istərsə də xaricdə yaşayan elm adamları tərəfindən yüksək dəyərləndirilmişdir. Çoxsaylı tədqiqat işləri nəticəsində alim əlverişli xammallar əsasında nisbətən sadə üsullarla alınmış və bir neçə aqressiv sistem və polad nümunələri üçün yararlı olan yüksək  effektli korroziya inhibitorları təklif etmişdir. Bu birləşmələrin mühüm üstünlüyü ondan ibarətdir ki, onlar korroziya prosesinə qarşı yüksək effektivli inhibitor təsirinə malik olmaqla yanaşı, antiabraziv, bakterisid, antioksidləşdirici və s. kimi faydalı xassələrə malikdirlər. Müxtəlif qruplardan olan birləşmələrin quruluşu ilə effektivliyi arasındakı asılılıqla bağlı alimin müəyyən etdiyi qanunauyğunluqlar həmin sahədə olan ziddiyyətli fikirlərə və qaranlıq məqamlara aydınlıq gətirmiş, korroziyadan inhibitor mühafizə nəzəriyyəsini daha da təkmilləşdirmişdir. Apardığı tədqiqatlar 5 kitab, 1 dərs proqramı, 2 patent, çoxsaylı məqalə və tezislər olmaqla 150-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Elm və təhsil sahəsində uğurları, elmi metodiki hazırlığının yüksək məhsuldarlığı nəzərə alınaraq Tofiq Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi” medalı ilə, müxtəlif dövrlərdə  NDU rəhbərliyi tərəfindən Fəxri fərmanlarla təltif edilmiş, 2008-ci ildə həmin ali təhsil müəssisəsində “İlin alimi” fəxri adına layiq görülmüşdür.

Alimin fəaliyyətinin Naxçıvan Bölməsi dövründən bəhs edən məruzəçi bildirib ki, professor qısa müddətdə özünü doğrultmuş, muxtar respublika ərazisində təbii sərvətlərin, mineral xammalların  araşdırılması və tətbiqinə dair əməli fəaliyyəti və faydalı məsləhətləri ilə də həmkarlarına yaxından köməklik göstərmişdir.

Ə.Qarayev söyləyib ki, professor Tofiq Əliyev elmi fəaliyyəti ilə yanaşı müxtəlif vaxtlarda ölkə mətbuatında aktual məsələlərə, o cümlədən Azərbaycanın enerji strategiyasına həsr olunmuş məqalələri ilə də geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent  Elbrus İsayev Tofiq Əliyevin Naxçıvan Dövlət Universitetində göstərdiyi səmərəli fəaliyyətindən, bu ali təhsil müəssisəsinin gələcək inkişafına yönəlmiş uğurlu addımlarından danışıb. Çıxışının sonunda rektor Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanını yubilyara təqdim edib.

Yubiley tədbirində həmçinin Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqogika elmləri doktoru, professor İsmayıl Əliyev, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru Şəmil Mahmudov çıxış edərək yubilyara xoş diləklərini ifadə etmişlər.

Çıxış edən yubilyar Tofiq Əliyev əməyinə verilən yüksək dəyərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib, gələcək fəaliyyətində də bu diqqət və qayğıya layiq olmağa çalışacağını bildirib.

 Sonda professor Tofiq Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ömür qatarı” filmi nümayış olunub.