AMEA Naxçıvan Bölməsi

Yaz günbərabərliyi gününə həsr olunmuş elmi seminar keçirilib


18.03.2021 / 16:49Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Yaz günbərabərliyi” gününə həsr olunmuş elmi seminar keçirilib.

Rəsədxananın direktoru Qulu Həziyev çıxışında hər il mart ayının 20-si və ya 21-də baş verən “Yaz günbərabərliyi” astronomik hadisəsi haqqında məlumat verib. Alim qeyd edib ki, bu hadisə zamanı Yer kürəsinin Günəşə nisbətən mövqeyindən asılı olaraq qütbətrafı ərazilər istisna olmaqla planetimizin bütün bölgələrində gecə ilə gündüzün uzunluğu təqribən bərabər olur. Bu hadisə Yerin şimal yarımkürəsində yaz fəslinin, cənub yarımkürəsində isə payız fəslinin başlanması ilə müşaiyət olunur.  2021-ci ildə mart ayının 20-də, Bakı vaxtı ilə saat  13:37-də baş verəcək bu hadisə ilə yurdumuza bahar qədəm qoyacaqdır.

Yazın gəlişinin, təbiətin canlanmasının  xalqımız tərəfindən müxtəlif mərasim və bayramlar şəklində qeyd olunduğuna diqqət çəkən Qulu Həziyev bildirib ki, Novruz bayramının məhz “Yaz günbərabərliyi” günündə qeyd olunması heç də təsadüfi deyildir. Bu o deməkdir ki, əcdadlarımızın səma cisimləri, onların hərəkəti və Yer kürəsinə təsiri barədə kifayət qədər məlumatları olmuşdur. Dünyada hər hansı bir mühüm astronomik hadisə ilə üst-üstə düşən bayram kimi qeyd olunan əlamətdar günlərin sayı çox azdır. Bu mənada Novruz bayramı çox qədim köklərə bağlı unikal bir bayramdır.

Daha sonra Rəsədxana əməkdaşlarından Vəfa Qafarova və Türkanə Əliyeva “Yerin Günəş ətrafında dolanmasının xüsusiyyətləri” və “Fəsillərin əmələ gəlməsinin astronomik və fiziki əsasları” mövzusunda məruzə ediblər. Məruzələrdə qeyd edilib ki, Yer kürəsinin Günəş ətrafında dolanması dəqiq fiziki və astronomik qanunlarla ifadə olunan dövrü prosesdir. Yerin Günəş ətrafında dolanmasının bir tam dövrünü əhatə edən 365 gün ərzində  Yer kürəsində dörd fəsil bir-birinin əvəz edir. Məhz bu amil Yerdə həyatın mövcud olmasını şərtləndirən əsas amillərdən biridir.