Sabahın tədqiqatçılarılayihəsi çərçivəsində tədbir keçirilib
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində “Əyləncəli kimya” adlı tədbir keçirilib.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunda baş tutan tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev bilik yarışlarının keçirilməsinin şagirdlərin elmi və ictimai fəallığının artırılmasında xüsusi əhəmiyyəti olduğunu bildirib.
Əvvəlcə “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları kimya elminin tarixi, kimyəvi elementlərin dövri sistemi, Azərbaycanda kimya sənayesinin inkişafı, eləcə də Şıxbala Əliyev, İzzət Orucova, Yusif Məmmədəliyev, Rəfiqə Əliyeva kimi tanınmış kimyaçı alimlərin həyatı və elmi fəaliyyəti haqqında məlumat veriblər.
Daha sonra muxtar respublika məktəblilərinin kimya fənni üzrə bilik səviyyələrini yoxlamaq məqsədilə viktorina keçirilib.
Tədbirin “Əyləncəli kimyəvi reaksiyalar” rubrikasında məktəblilər laboratoriya şəraitində öyrəndikləri maraqlı kimyəvi reaksiyaları iştirakçılara təqdim etmiş, onların aparılma qaydası və elmi izahı haqqında məlumat vermişlər.
Sonda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçları” layihəsinin şagirdlərin dünyagörüşünün formalaşdırılmasında, elmi yeniliklərin öyrənilməsi və praktikaya tətbiqində daşıdığı önəmindən danışıb. Akademik tədbirin təşəbbüskarı, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayevaya və çalışqanlıq nümayiş etdirən muxtar respublika məktəblilərinə faydalı fəaliyyətlərində uğurlar arzulayıb, tövsiyyələrini bildirib.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov öz çıxışında “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində böyük irəliləyişlərin qeydə alındığını bildirib. Muxtar respublikadakı bütün təhsil müəssisələrində hərtərəfli şəraitin mövcud olduğunu diqqətə çatdıraraq qeyd edib ki, belə tədbirlərin keçirilməsi gələcək tədqiqatçıların yetişməsində xüsusi əhəmiyyət kəsb edir.
Sonda fəallıq göstərən şagirdlər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
Naxçıvanlı alim Dünya Neolit Konqresində məruzə edib
AMEA Naxçıvan Bölməsində Zəfər Günü qeyd olunub
Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü
adlı virtual sərgi açılıb
Naxçıvan dilçilik məktəbi
kitabı nəşr olunub