AMEA Naxçıvan Bölməsi

Cari ildə nəşr olunan kitablar aparılan sistemli tədqiqatların bəhrəsidir


16.10.2024 / 17:26Tədbirlər



AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə yeni nəşrdən çıxmış “Qədim Naxçıvan-Naxər ölkəsi türklərinin mifoloji inancları və bu miflərin yayım arealı” ikicildliyinin və “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitabının III cildinin təqdimatı keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışı zaman İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Zülfiyyə İsmayılın yeni nəşr olunan “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” üçcildliyini və Onomastika şöbəsinin müdiri, dosent Firudin Rzayevin “Qədim Naxçıvan-Naxər ölkəsi türklərinin mifoloji inancları və bu miflərin yayım arealı” ikicildlik monoqrafiyasını Azərbaycan dilçiliyinə növbəti töhfə adlandırıb.

İsmayıl Hacıyev hər iki tədqiqatçının səmərəli fəaliyyətinə nəzər salıb, yeni çap olunan əsərləri barədə fikirlərini dilə gətirib. Kitablardakı araşdırmaya cəlb olunan elmi problem və məsələlərin mahiyyəti, dilçilik elmində önəmi barədə danışan bölmə sədri sonda müəllifləri təbrik edib, onlara uğurlu elmi fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tədbirdə “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” əsəri haqqında” başlıqlı məruzə edib.

Məruzənin əvvəlində rəhbərlik etdiyi elmi-tədqiqat institutunun cari ildəki səmərəli fəaliyyətini diqqətə çatdıran professor bildirib ki, “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitabının III cildi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə ithaf olunub.

Vurğulanıb ki, Azərbaycan dili və dilçiliyinin aktual məsələlərinin tədqiqi baxımından böyük önəm daşıyan kitabda ölkədə uğurla həyata keçirilən dövlət dil siyasətindən, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafına bəxş etdiyi töhfələrdən və mühüm xidmətlərindən bəhs olunur.

Çıxışı zamanı ana dilimizə sevginin önəmindən, doğma dildə danışmağın vacibliyindən söz açan professor Ulu Öndərin bir vətənpərvər və ana dilini sevən lider kimi Azərbaycan dilinə münasibətindən nümunələr gətirib. Daha sonra kitabı əhatə etdiyi bölmələr üzrə əhatəli təsvir edib, müəllifin araşdırmaya cəlb etdiyi məsələləri diqqətə çatdırıb. Alim “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” üçcildliyini Azərbaycan dilçiliyinin inkişafı üçün faydalı əsər kimi səciyyələndirib.

İnstitutun əməkdaşı Rüzgar Camal çıxış edərək “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” üçcildliyi barədə danışıb, müəllif Zülfiyyə İsmayılın elmi araşdırmalarının mahiyyətinə nəzər salıb.

Daha sonra Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova təqdimat mərasimində “Qədim Naxçıvan-Naxər ölkəsi türklərinin mifoloji inancları və bu miflərin yayım arealı” ikicildliyi haqqında bir neçə söz” başlıqlı məruzə edib.

Aytən Cəfərova mifoloji materialların dərindən öyrənilməsinin əhəmiyyətindən, uyğun elm sahələri üzrə tədqiqatların aparılmasındakı önəmindən bəhs edib. Tədqiqatçı xüsusilə eradan əvvəlki dövrü əhatə edən araşdırmalarda miflərin əhəmiyyətini diqqətə çatdırıb.

Natiq bildirib ki, Firudin Rzayevin yenicə işıq üzü görmüş monoqrafiyaları fundamental səciyyə daşıyır. İkicildlik monoqrafiyada Naxçıvan toponimlərində qədim türk tayfalarınınmifiktəfəkkürününizləri, bölgədəki abidələrdə mövcud olan naxışlarda, xalq rəqslərində yaşayan mifoloji inanc izləri və başqa mühüm məsələlər  geniş şəkildə araşdırılıb. O, tədqiqatçının istinad etdiyi nadir rast gəlinən mənbələr, apardığı təhlillər, eləcə də ortaya qoyduğu elmi nəticələr barədə fikirlərini dilə gətirib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarından Natavan İbrahimova tədbirdə çıxış edərək “Qədim Naxçıvan-Naxər ölkəsi türklərinin mifoloji inancları və bu miflərin yayım arealı” monoqrafiyaların e.ə. VIII-I minillikləri əhatə etməsindən, Firudin Rzayevin ortaya qoyduğu mühüm tədqiqatçılıq bacarığından danışıb.

Sonda müəlliflər – Firudin Rzayev və Zülfiyyə İsmayıl çıxış edərək fəaliyyətlərinə, elmi yaradıcılıqlarına  göstərilən diqqətə görə minnətdarlıq ediblər.