AMEA Naxçıvan Bölməsi

Görkəmli alimin 820 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib


17.02.2021 / 16:17Tədbirlər



AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq Nəsirəddin Tusi yaradıcılığına nəzər salıb. Alim bildirib ki, elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Məhəmməd Nəsirəddin Tusi 200-dən artıq elmi əsərin müəllifidir. Qeyd olunub ki, alimin tərtib etdiyi astronomik cədvəllər, yeni bir qitənin mövcudluğu ilə bağlı bildirdiyi proqnoz və 256 şəhərin coğrafi koordinatlarını verməsi xüsusi əhəmiyyətə malikdir. Bu gün 820 illik yubileyi keçirilən böyük Azərbaycan alimi həm humanitar, həm də dəqiq elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir, onun tarix, hüquq, fəlsəfə, əxlaq normaları, tibb, riyaziyyat, astronomiya, fizika və digər sahələrdə ərsəyə gətirdiyi əsərlər əhatə etdiyi mövzular və tədqiqatların genişliyi ilə seçilir. Akademik vurğulayıb ki, dahi mütəfəkkir Nəsirəddin Tusi dövlətçilik tarixi ilə bağlı ilk fikir söyləyən elm xadimlərindən biridir.

Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Bəşəri düha Nəsirəddin Tusinin həyatı və fəaliyyətindən bəzi epizodlar” mövzusunda məruzə edib. Dahi Azərbaycanlı mütəfəkkirin həyatı və elmi fəaliyyəti haqqında məlumat verən məruzəçi bildirib ki, bu elm fədaisi hələ uşaq yaşlarından yüksək əqli keyfiyyətləri və çalışqanlığı ilə fərqlənmiş, biliklərini daha da dərinləşdirmək üçün dövrünün tanınmış elm mərkəzlərində təhsil almışdır. Qeyd olunub ki, hələ gənc yaşlarından elmə, biliyə göstərdiyi həvəs Tusinin görkəmli alim, filosof və bacarıqlı dövlət xadimi kimi formalaşmasına səbəb olmuşdur. Məruzədə N.Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətindən bəhs olunmuş, müasirlərinin alim haqqındakı bəzi fikirlər diqqətə çatdırılmışdır.

“Ordubad şəhərində yaşayan Tusi nəslinə aid epiqrafik məlumatlar” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli orta əsr Azərbaycan mədəni mühitinin yetirməsi olmuş Nəsrəddin Tusinin nəsil şəcərəsi haqqında məlumat verib. “Nəsirəddin Tusinin sələflərinin və хələflərinin Həmədan, Marağa, Naхçıvan, Ordubad və başqa şəhərlərdə yaşaması tariхşünaslığımızda təsdiq və qəbul olunan faktlardandır”, - söyləyən alim bildirib ki, tədqiq olunan bir sıra qaynaqlarda, o cümlədən müsəlman еpiqrafikası  abidələrində Nəsiri Tusi adı ilə хatırlanan bu nəslin nümayəndələri orta əsrlərdə böyük nüfuza malik olmuş, dövlət idarəçiliyində mühüm vəzifələr tutmuşlar.

Professor H.Səfərli Ordubad şəhərində bu günədək qalan bir nеçə müsəlman kitabəsində Tusi nəslinin adının, eləcə də həmin nəslin nümayəndələri ilə bağlı bir sıra еpiqrafik faktların mövcudluğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, bu nəslə mənsub insanların böyük bir qismi orta əsrlər zamanı Ordubad şəhərində və onun yaхınlığında yеrləşən Vənənd kəndində yaşamış və hazırda da burada yaşamaqdadırlar.

Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Ramiz Qasımovun “Şair və ədəbiyyatşünas Nəsirəddin Tusi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi N.Tusinin bacarıqlı elm və ictimai xadim olmaqla yanaşı, həmçinin  çox incə şairlik istedadına sahib olduğunu, yazdığı bədii nümunələrin fəlsəfi, didaktik, nəsihətamiz məzmunu ilə seçildiyini bildirib. N.Tusi yaradıcılığında Şərq şeirinin bütün xüsusiyyətlərinin təcəssümünə, söz və fikirlərin biri-birini tamamlamasına diqqət çəkən tədqiqatçı onun yaradıcılığının şedevrlərindən hesab olunan “Əxlaqi-Nasiri” əsəri ilə bağlı da yığcam məlumat verib. Əsərin adının “Oxunması zəruri olan kitabların siyahısı”nda olduğunu qeyd edən R.Qasımov onun cəmiyyətin maariflənməsində daşıdığı önəmdən bəhs edib.

Sonra Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev Nəsirəddin Tusinin astronomik irsi haqqında məruzə edib. Məruzədə qeyd olunub ki, Tusinin XIII əsrdə astronomiya elmində əldə etdiyi elmi nəticələr həmin dövrdə astronomik bilikləri inkişaf etdirməklə yanaşı, bu elmin sonrakı inkişafında da çox mühüm rol oynayıb. N.Tusinin rəhbərliyi ilə yaradılmış Marağa  rəsədxanası dövrünün ən qabaqcıl elm ocaqlarından biri olmuş, burada görkəmli alimin rəhbərliyi ilə astronomiya və riyaziyyat sahəsində aparılan tədqiqatların nəticələri sonralar Şərqdə və Avropada geniş tətbiq edilmişdir. Məruzəçi vurğulayıb ki, dünyanın əksər tanınmış rəsədxanalarında istifadə olunan cihazların əksəriyyəti məhz N.Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasında hazırlanmış cihazların prototipidir.

Məruzə əsnasında Marağa rəsədxanası, orada istifadə olunmuş bəzi cihazlar və alimin elmə gətirdiyi yeniliklərdən ibarət slayd nümayiş etdirilib.