AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin ötən ildəki fəaliyyəti ilə bağlı hesabatı dərc olunub


02.02.2021 / 17:13Yeni nəşrlər



   Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2020-ci ilə aid elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı nəşr olunub.

   Giriş və 8 başlıqdan ibarət nəşrdə 2020-ci il ərzində Naxçıvan Bölməsində yerinə yetirilmiş işlərə əvvəlcə qısa nəzər salınmış, icra olunmuş fərman, sərəncam və qərarlardan irəli gələn vəzifələr, görülən işlərin nəticələri qeyd olunmuşdur. Daha sonra bölmənin elmi-tədqiqat müəssisələrinin ötən ildəki fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, əldə edilmiş mühüm elmi nəticələr və onların mahiyyəti qeyd olunmuşdur. Nəşrdə Bölmənin  elmi-tədqiqat müəssisələrinin il ərzindəki fəaliyyəti müfəssəl təsvir olunmaqla hər bir müəssisənin 2016-2020-ci illər üzrə beşillik fəaliyyətini, elmi işçilərin hesabat ili ərzindəki elmi uğurlarını, nəşr olunmuş elmi əsərlərini əks etdirən cədvəllər verilmişdir. Bununla yanaşı, bəzi mühüm elmi nəticələrin və nəşr olunmuş elmi əsərlərin fotoşəkilləri də hesabata əlavə olunmuşdur.

   AMEA Naxçıvan Bölməsi üzvlərinin, elmi müəssisələrinin, aparat idarələrinin, şöbələrinin tərtib etdikləri materiallar əsasında Elm və təhsil şöbəsi tərəfindən tərtib edilən hesabatda həmçinin Naxçıvan Bölməsində il ərzində həyata keçirilən qrant layihələr, 20-dən artıq elm və təhsil mərkəzi ilə davam etdirilən beynəlxalq əməkdaşlıqlar və digər elmi-təşkilati fəaliyyət istiqamətləri haqqında məlumatlar yer alıb.

   Elmin istehsalata tətbiqi istiqamətində qazanılan nailiyyətlərlə bağlı məlumatlar hesabatda müxtəsər təqdim olunmuşdur. Naxçıvan Bölməsi tərəfindən Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrinin tədqiqi, həmin nümunələrdən yuyucu vasitə istehsalı üçün həyata keçirilən hazırlıq işləri, Biləv alüminium süxurundan alınan kalium alüminium zəyinin və müalicəvi “Şorsu” palçığının istehsalı istiqamətində işlərin davam etdirildiyi, Biokimyəvi tədqiqatlar laboratoriyasında itburnu doşabı, nanə cövhəri, sarı çiçəkdən boya və müxtəlif efir yağlarının istehsalının planlaşdırıldığı diqqətə çatdırılmışdır.

   Hesabatda eyni zamanda muxtar respublikanın aparıcı ali təhsil müəssisələrindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda 2020-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri və əldə olunmuş mühüm elmi nəticələr haqqında məlumatlar öz əksini tapmışdır.