AMEA Naxçıvan Bölməsi

Naxçıvanda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yaradılmasının 70 illiyi qeyd edilib


24.12.2020 / 17:29Tədbirlər



   AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yaradılmasının 70 illiyi münasibəti ilə onlayn elmi-praktik konfrans keçirilib.

   Konfransı giriş sözü ilə açan Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu mötəbər elmi mərkəzdir” mövzusunda məruzə edib. Məruzəçi institutda çox dəyərli, nadir əlyazma və çap kitablarının, o cümlədən arxeoqrafik sənədlərin və digər materialların mühafizə olunmasından bəhs etmiş, həmin əsərlər üzərində səmərəli elmi-tədqiqat işlərinin aparılması ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

   Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək bu elmi-tədqiqat müəssisəsinin yaranma tarixi, təşəkkülü və keçdiyi inkişaf yolundan bəhs edib. Alim institutda 40 mindən çox qədim əlyazma, çap kitabları və digər materialların mühafizə olunduğunu bildirmiş və onların elmi dəyərindən, tədqiqi məsələlərindən bəhs etmişdir.

   Daha sonra çıxış edən Bölmənin Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov Fondun Əlyazmalar İnstitutu ilə səmərəli əməkdaşlığının perspektivləri və əldə olunmuş nailiyyətlərdən danışıb. O qeyd edib ki, hər iki elmi qurumun qarşılıqlı əməkdaşlıq haqqında bağladığı müqavilə elmi-təşkilati işlərin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır və bu əlaqələr hazırda da uğurla davam etdirilir.

   Sonda konfrans iştirakçıları Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illiyinə həsr olunan sərgi ilə tanış olublar.