AMEA Naxçıvan Bölməsi

Təbii Ehtiyatlar İnstitutunda payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilib


09.12.2020 / 22:31Tədbirlər



   AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Fövqəladə Hallar Nazirliyinin payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilib.

   Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev bildirib ki, bu cür tədbirlərin keçirilməsi mütəmadi xarakter almalı xüsusilə soyuq qış aylarında qaz və elektrik cihazlarından səmərəli istifadə etməli, nəzarətsiz qoymamalıdır.

   Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazırliyinin Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi, kapitan Rəcəb Səfərov “Mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər” mövzusunda çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, təhlükə əsasən standartlara uyğun olmayan qızdırıcılardan istifadə zamanı yaranır. Xüsusilə qaz xətlərinin düzgün çəkilməməsi, qaz üçün rezin boruların 80 sm-dən uzun olması təhlükəlidir.

   Rəcəb Sərəfov vurğulayıb ki, qaz üçün istifadə olunan rezin boruların keyfiyyətsiz olması vəziyyəti daha da çətinləşdirir. Qazdan zəhərlənmələrin çoxu sobanın tüstü borularının təmizlənməməsindən irəli gəlir. Buna səbəb dəfələrlə şahidi olduğumuz bacalarda quşların yuva qurması və beləliklə dəm qazının evə dolmasına səbəb olmasıdır.

   Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazırliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Afaq Alməmmədova qeyd edib ki, fövqəladə hal yarandıqda dərhal həkim ambulatoriyalarına, təcili tibbi yardıma müraciət edilməlidir. Həkim gələnə qədər zərərçəkəni açıq havaya çıxarmalı, ətir, spirt və s. qoxulu maddələr iylədərək onu ayıq saxlamaq lazımdır. Çünki bu cür hallar gələcəkdə onurğa beynində müəyyən fəsadların yaranmasına, insan bədənində müəyyən hüceyrələrin ölməsinə ilə nəticələnir. Təəssüflər olsun ki, statistik məlumatlara əsasən son zamanlar bəzi xəstəliklərin, xüsusilə ağ ciyər və digər xroniki xəstəliklərinin bir çoxunun bu yolla əmələ gəldiyi öz təsdiqini tapmışdır.

 

   Tədbirin sonunda mövzu ətrafında suallar verilmiş və mütəxəssislər tərəfindən cavablandırılmışdır.

   Sonda institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına öz adından və Təbii Ehtiyatlar İnstitutunun kollektivi adından təşəkkür edib.