AMEA Naxçıvan Bölməsi

Görkəmli rəssam İbrahim Səfiyev haqqında kitab nəşr olunub


09.12.2020 / 22:25Yeni nəşrlər



   AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın “İbrahim Səfinin həyatı və yaradıcılığı” adlı kitabı işıq üzü görüb.

   Kitabın ilk səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında" 17 oktyabr 2018-ci il tarixli Sərəncamı öz əksini tapıb.

   Yenicə işıq üzü görən nəşrdə görkəmli rəssam İbrahim Səfinin həyatı və yaradıcılığı hərtərəfli tədqiq olunmuş, onun sənət dünyasının müxtəlif çalarları bacarıqla işıqlandırılmışdır.

   Qeyd edilir ki, əsərlərində daim Vətənə, ümumbəşəri dəyərlərə, mənəvi zənginliklərə sevgi, sədaqət və hörmət aşılayan İbrahim Səfinin yaradıcılığı janr müxtəlifliyi ilə də seçilir. Natürmort, portret, mənzərə kimi janrlarda əsərlər yaratmış rəssamın ərsəyə gətirdiyi portret qalereyasına minlərlə tanış və tanış olmayan simalar daxildir. Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürkə həsr etdiyi portretləri isə onun yaradıcılığının şah əsərlərindəndir.

   Tədqiqat əsərində həmçinin rəssamın təşkil olunmuş sərgiləri, onun haqqında deyilmiş fikirlər, İbrahim və Kərim Səfiyev qardaşlarının qısa tərcümeyi-halları, istifadə olunmuş ədəbiyyat siyahısı verilmiş, sonda isə rəssamın şəxsi fotolarının və bir sıra əsərlərinin yer aldığı "İllüstrasiyalar" başlıqlı bölmə yer almışdır.

   Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovdur.