AMEA Naxçıvan Bölməsi

Bioresurslar İnstitutunda elmi-nəzəri seminar keçirilib


10.12.2020 / 20:03Tədbirlər



   AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında aparılan torpaq tədqiqatları” mövzusunda elmi-nəzəri seminar keçirilib.

   Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov muxtar respublikada həyata keçirilən torpaq islahatlarının torpaqşünaslıq elminin inkişafına göstərdiyi mühüm təsirlərindən danışıb. O bildirib ki, bu sahədə tədqiqatların aparılması ekoloji tarazlığı qorumaq və əhalini ərzaq məhsulları ilə təmin etmək baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

   Seminarda “Torpaq ehtiyatları” laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev çıxış edərək torpaq islahatlarının torpaqşünaslıq sahəsində ciddi elmi axtarışların həyata keçirilməsi, qazanılmış nailiyyətlərin təsərrüfatda geniş tətbiqinə şərait yaratdığını diqqətə çatdırıb.

   Tədqiqatçı qeyd edib ki, yarandığı vaxtdan bu günədək “Torpaq ehtiyatları” laboratoriyasının əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasında torpaq mühitinin qorunması, bərpası istiqamətində kompleks tədqiqatlar aparılıb. Həmin tədqiqatların nəticələri coğrafiyaşünas və torpaqşünas alimlər tərəfindən təhlil olunmuş, torpaq mühitinin qorunmasına, torpaq xəritələrinin tərtib olunmasına, ərazidə kənd təsərrüfatının yerli təlabata uyğun ixtisaslaşdırılmasına, eləcə də torpaqlardan səmərəli istifadə olunmasına dair tövsiyələr verilmişdir.

   Sonda Bioresurlar İnstitutunun əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Arzu Məmmədov və Ramiz Ələkbərovun mövzu ətrafında çıxışları dinlənilmiş və seminar iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirilmişdir.