AMEA Naxçıvan Bölməsi

Əbədiyaşar lider mövzusunda interaktiv dərs keçilib


11.12.2020 / 17:21Tədbirlər



   Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Əbədiyaşar lider” mövzusunda interaktiv dərs keçilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev ilk növbədə şagirdlərə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu haqqında məlumat verib. O, dahi rəhbərin sahib olduğu yüksək insani məziyyətləri şagirdlərin diqqətinə çatdıraraq qeyd edib ki, polad iradəsi, parlaq hafizəsi, yüksək intellekti, baş verən hadisələrə adil və obyektiv münasibəti, nüfuzedici natiqlik qabiliyyəti, sahib olduğu siyasi müdriklik və dövlətçilik təcrübəsi Heydər Əliyevin xilaskar liderlik fəaliyyətində xüsusi önəmə malikdir.

   Ümummilli liderin fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verən alim bildirib ki, Heydər Əliyev hər zaman Azərbaycanın inkişafı, xalqımızın rifahına çalışmış, bu məqsədin reallaşması üçün uzaqgörən addımlar atmışdır. Fəaliyyətinin erkən dövrlərindən dövlət qulluğu vəzifələrində azərbaycanlıları irəli çəkməklə kadr potensialının milliləşdirilməsi prosesinin əsasını qoymuşdur.Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin göstərişi ilə əsası qoyulan Dərin Dəniz Özülləri və Bakı Məişət Kondisionerləri zavodları Azərbaycanın gələcək inkişafının bünövrəsi olmuş, məhz ulu öndərin uzaqgörənliyi sayəsində Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilmişdir.

   Dərs müddətində ümummilli liderin həyatının Naxçıvan dövründən bəhs edən akademik üçrəngli bayrağımızın yenidən dövlət bayrağı kimi qaldırılmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycana rəhbərliyinin ikinci dövründə atəşkəsin imzalanması ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısı alınmış, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan inkişafın yeni dövrünə qədəm qoymuş, ölkəmiz beynəlxalq aləmdə tanınmışdır.

   Alim qeyd edib ki, ulu öndərin Vətəni, xalqı üçün həyata keçirdiyi uzaqgörən siyasəti və xilaskarlıq missiyası bir daha sübut edir ki, Heydər Əliyev əbədiyaşar lider kimi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.