AMEA Naxçıvan Bölməsi

Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasının hesabatları dinlənilib


03.12.2020 / 11:24Tədbirlər



   AMEA Naxçıvan Bölməsində Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasının 2020-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

   İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hər iki elmi tədqiqat müəssisəsinin statistik göstəricisinə baxsaq ötən ilki uğurlarından heç də geri qalmadıqlarını bildirdi.

   Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək fondda 2020-ci ilin elmi-tədqiqat işlərinin planına uyğun olaraq 1 istiqamət, 1 problem və 1 mövzu üzrə 3 işin 4 mərhələdə yerinə yetirildiyini bildirib. 

   Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fonda hədiyyə olunan 60 adda, Ordubad rayonuna ekspedisiya zamanı əldə edilmiş 3 ədəd qədim əlyazma və çap kitabları fondun balansına daxil edilmiş, beləliklə, fondda mühafizə olunan əlyazma və çap kitablarının ümumi sayı 606-a çatdırılıb.

   Hesabat dövründə fond əməkdaşlarının 1 kitabı, 25 elmi məqaləsi, 10 konfrans materialı və 2 tezisi olmaqla 38 əsərinin nəşr olunduğunu deyən Fərman Xəlilov bildirib ki, əsərlərdən 1 məqalə, 2 konfrans materialı və 2 tezis xarici ölkə nəşrlərində dərc olunub.

   İl ərzində fonda yeni daxil olan 43 kitab cildlənmiş, bəzi kitablar qaydaya salınaraq səhifələnmiş, 63 əlyazma və çap kitabına ilkin rəylər verilmiş və kataloqlaşdırılmışdır.

   Daha sonra çıxış edən bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev isə bildirib ki, hesabat dövründə rəsədxanada elmi-tədqiqat işləri 1 istiqamət, 1 problem, 2 mövzu, 2 iş üzrə 7 mərhələdə 2 şöbə tərəfindən yerinə yetirilib. Batabat Astrofizika Rəsədxanası əməkdaşlarının hesabat dövründə  1-i kitab olmaqla 43 elmi əsəri dərc olunub.

   Hesabat dövründə aparılmış elmi-tədqiqatlar 1 mühüm nəticə almağa imkan vermişdir. Həmçinin əməkdaşlardan Ruslan Məmmədov  1 beynəlxalq və 1 respublika səviyyəli onlayn konfransda məruzə ilə çıxış edib.

   Daha sonra bölmənin sədri hər iki elmi tədqiqat müəssisəsinin rəhbəri kadr hazırlığına diqqət yetirməyi, universitetlərin uyğun ixtisaslarında təhsil alan II kurs magistrlərin akademiyada tədqiqatlarını davam etmələri üçün maraqlı olmalıdır.

   Sonda AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli, Əbülfəz Quliyev və Tofiq Əliyev çıxış edərək hər iki elmi tədqiqat müəssisəsinin hesabatını yüksək qiymətləndirmiş və hesabatın qəbul olunmasını təklif etmişlər.