AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar və Bioresurslar İnstitutları hesabat verib


02.12.2020 / 15:31Tədbirlər



   AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar və Bioresurslar İnstitutlarının 2020-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

   Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hər iki institutun fəaliyyətlərini yüksək qiymətləndirmiş və qarşıya qoyulan vəzifələrə nail olunduğunu söyləyib.

   Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək bildirib ki, institutda 1 istiqamət, 1 problem və 1 mövzu, 7 iş üzrə 20 mərhələdə tədqiqatlar aparılıb.

   Direktor qeyd edib ki, 2020-ci il ərzində institut əməkdaşları Naxçıvan Muxtar Respublikasının mineral xammalının kompleks emalının elmi və praktik əsaslarının işlənməsi, çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu ilə ayrılmasının nəzəri və praktik əsaslarının işlənib hazırlanması, yerli xammallar əsasında Günəş enerji çeviricilərində istifadə edilən birləşmələrin alınması, onların fiziki parametrlərinin və xassələrinin müəyyən edilməsi, həmçinin təbii sərvətlərin öyrənilməsi istiqamətində araşdırmalar aparıb və bir sıra uğurlu nəticələr ediblər.

   Qeyd edilmişdir ki, elmdən-istehsalata tətbiqyönümlü işlər davam etdirilir.

   Şorsu müalicəvi palçıqdan 350 ədəd “Şorsu palçığı” hazırlanıb və 247 ədəd yaş “Şorsu” palçığı,  30 ədəd quru “Şorsu palçığı” satış üçün AMEA Naxçıvan Bölməsinin Yaşıl aptekə verilmişdir. Bundan əlavə zəy istehsalı və yuyucu toz istehsalı üçün tədqiqat işləri davam edir, istehsal prosesi üçün məqsədyönlü addımlar atılır.

   Təbii Ehtiyatlar İnstitutu respublikanın bir sıra elmi qurumları ilə yanaşı Rusiya və Türkiyənin bir sıra nüfuzlu tədqiqat mərkəzləri ilə əlaqələri genişləndirilmişdir.

   Hesabat dövründə institut əməkdaşlarının 93 elmi əsəri, о cümlədən 4 kitab, 63 elmi məqalə, 26 konfrans materialı dərc olunub. Əsərlərdən 1 kitab, 22 mə­­qalə, 9 konfrans ma­terialı xaricdə nəşr edilib. Hesabat dövründə 16 əsərə istinad qeydə alınıb.  Məqalələrin 6-sı ClarivateAnalytics (Thomson Reuters) olmaqla 13-ü im­pakt faktorlu jurnallarda dərc olunub.

   Daha sonra bölmənin Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov institutda cari il ərzində planauyğun olaraq bir istiqamət, bir problem və bir mövzu üzrə 26 mərhələdə 11 işin yerinə yetirildiyini bildirib.

   Qeyd edib ki, il ərzində Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən 1 monoqrafiya, 2 kitab, 1 metodik vəsait, 95 elmi məqalə və 44 konfrans ma­te­rialı olmaqla, ümümilikdə 143 elmi əsər nəşr olunub. Məqalələrdən 29-u, konfrans materiallarından isə 18-i xaricdə çapdan çıx­ıb. Elmi məqalələrdən 11-i ClarivateAnalytics (Thomson Reuters) indeksli jurnallarda olmaqla 31-i impakt faktor­ludur. Əsərlərin 28-i xaricdə olmaqla 77-i beynəlxalq kodlu jurnalda çap olunub. İnstitut əməkdaşları tərəfindən həmçinin bir xəritə və bir buklet tərtib olunub.

   Seleksiya yolu ilə alınmış  7 üzüm, 2 noxud və 1 arpa sortu, eləcə də “Nərgizi”,” Əlincə”, “Qəhvəyi kişmişi”, “Bənəniyar”, “Oğuz”, “Milax” və “Naxçıvan muskatı” adlı yeni üzüm sortlarının Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyatdan keçmişdir.

   Tədqiqat dövründə Ümumdünya Təbiəti Mühafizə Fondunun qrant layihələri mü­sa­biqə­sində qalib ol­muş “Naxçıvan Muxtar Respublikasında bəbirin monitorin­qi­nin apa­rıl­ması və onun müh­afizə strategiyası” mövzusu üzrə beynəxalq qrant layihəsinin icrası uğurla davam etdirilmişdir.

   Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərişi ilə Nəbatat bağı muzeylər siyahısına daxil edilmiş və Naxçıvan şəhərində yerləşən nazirlik, komitə, idarə müəssisə və təşkilatların qrafik üzrə şənbə günləri Nəbatat bağına gəlişi təşkil edilmişdir.

   Qeyd edilmişdir ki, Bioresurslar institutunda da elmdən-istehsalata tətbiqyönümlü işlər davam etdirilir.

   Belə ki, 2020-ci tədqiqat ilində  16 adda dərman qarışıqları paketi, 120 litr gülab istehsal edilmişir. Bundan başqa 9 adda dərman bitkilərindən yağ və ekstraktları alınmışdır.

   Mövsümü calaq zamanı 100 ədəd göycə, 150 ədəd ərik, 250 ədəd alma, 25 ədəd gilas, 20 ədəd şaftalı tingləri calaq edilmişdir.

   Sonda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov çıxış edərək hər iki elmi tədqiqat müəssisəsinin hesabatını yüksək qiymətləndirmiş və hesabatın qəbul olunmasını təklif etmişlər.