AMEA Naxçıvan Bölməsi

Qısa Kimya Ensiklopediyası kitabının təqdimatı keçirilib


27.11.2020 / 16:48Tədbirlər



    AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Qısa Kimya Ensiklopediyası” kitabının təqdimatı keçirilib.

   Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsininnin sədri, akademik İsmayıl Hacıyev müəllifin uzunmüddətli elmi fəaliyyətinə qısa nəzər salıb. “Bayram Rzayev kimya elmi sahəsində geniş dünyagörüşünə malikdir”, deyən alim tədqiqatçının indiyə qədər 40-dan artıq kitab və monoqrafiyasının nəşr olunduğunu bildirib.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunmuş kitabın nəfis tərtibatına diqqəti çəkən bölmə sədri bildirib ki, əsər nəinki kimyaçılar, həmçinin bu elmə maraq göstərən hər kəs üçün olduqca faydalı kitabdır.

   Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək ana dilimizdə kimya elmi ilə bağlı ensiklopediyanın nəşrini yüksək qiymətləndirmiş, kitabın gənc kimyaçıların formalaşmasında mühüm rol oynayacağını, gələcək nəsillərdə bu elmə marağı artıracağına inandığını söyləyib.

   Daha sonra çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Akif Əliyev kitabdakı fəsillər, bəhs olunan mövzularla bağlı ətraflı məlumat verib. O bildirib ki, ensiklopediyanın birinci hissəsi hidrogendən başlayaraq kimyəvi elementlər haqqında müfəssəl məlumatların yer aldığı ən iri həcmli fəsildir. Nəşrin ikinci fəslində kimya elmində baş verən hadisə və kəşflərdən, üçüncü fəslində isə müasir dövrdə kimya sahəsində baş verən ən aktual yenilik və göstəricilərdən bəhs olunur.

   Bütün mətnlərin çox sadə və anlaşıqlı dillə ifadə edildiyini vurğulayan alim qeyd edib ki, kitab həmçinin ali və orta ixtisas müəssisələrində kimya fənninin tədrisində dərslik kimi də istifadə oluna bilər.

    Sonda kitabın müəllifi kimya elmləri doktoru Bayram Rzayev ona göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.