AMEA Naxçıvan Bölməsi

Unudulmuş yazıçı Ələkbər Qərib NaxçıvanlıHaqq divanı kitablarının təqdimatı keçirilib


25.11.2020 / 16:53Tədbirlər



    AMEA Naxçıvan Bölməsində Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” və “Haqq divanı”adlı kitablarının təqdimatı keçirilib.

   Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, professor Hüseyn Həşimli ədəbiyyatımızda əsasən Avropa janrları istiqamətində ciddi araşdırmalar aparmış, “Azərbaycan ədəbiyyatında sentimentalizm" mövzusunda namizədlik, "Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə etmişdir. O, Azərbaycanın həm elmi, həm də ədəbi mühitində tanınmış tədqiqatçılardan biri kimi özünü göstərə bilmişdir.

   Hüseyn Həşimli Azərbaycan, Naxçıvan və Gürcüstan arxivlərində mövcud olan, elmi mühitə o qədər də geniş məlum olmayan görkəmli şəxsiyyətlərin, ədəbiyyatşünasların əsərlərini elmi və ədəbi dövriyyəyə gətirməklə öz tədqiqatlarını davam etdirmişdir. Araşdırmalar nəticəsində bir çox yeni faktların aşkara çıxarılması. ədibin həyatının Tiflis dövrü, təhsili, bədii yaradıclığı, naşirlik və tərcümə fəaliyyəti ilə bağlı bir sıra faktlar məhz professor Hüseyn Həşimlinin uzunmüddətli tədqiqatlarının bəhrəsi olan kitab sayəsində elmi ictimaiyyətə məlum olmuşdur.

   Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək Ələkbər Qərib Naxçıvanlının 1910-1930-cu illərdə gedən ədəbi proseslərdə yaxından iştirak edən, nəcib publisistika, ədəbi tənqid və bədii tərcümə sahəsindəki səmərəli, məhsuldar fəaliyyəti ilə diqqəti çəkən istedadlı, lakin unudulmuş, yaradıcılığı araşdırılmamış sənətkarlarımızdan biri olduğunu söyləyib. Onun həyat və yaradıcılığının tədqiqi ilə məşğul olan  muxtar respublikanın dəyərli ziyalılarından biri, müasir dövr Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndəsi, öz elmi fəaliyyəti ilə Azərbacan ədəbiyyatını dünyanın bir sıra ölkələrində təbliğ edən, filologiya elmləri doktoru Hüseyn Həşimli uzunmüddətli axtarışların nəticəsi olaraq yazıçının müxtəlif janrlı bir çox əsərlərini – roman, povest, hekayə, məqalə, bədii tərcümə və s. ayrı-ayrı mətbu orqanlardan və kitablardan aşkara çıxararaq ilk dəfə tədqiqata cəlb etmişdir. Professor Hüseyn Həşimlinin təqdimatında işıq üzü görən bu tədqiqat əsəri ciddi elmi axtarışların, böyük zəhmətin məhsulu olmaqla, unudulmuş tarixi və ədəbi irsimizə çox dəyərli töhfədir.

   Qeyd olunub ki, sağlığında Ələkbər Qərib Naxçıvanlı ilə bağlı onlarla məqaləsi çap olunan və onu elmi ictimaiyyətə təqdim ədən alimin ən böyük arzusu onun haqqında monoqrafiyanın və əsərlərinin işıq üzü görməsi idi.

   Surə Seyid “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr olunan “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” və “Ələkbər Qərib Naxçıvanlı. Haqq divanı” adlı tədqiqat əsərlərinin gənc alim və tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynamaqla elmi baxışların formalaşmasına səbəb olacağına əminliyini bildirib.

   Daha sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, həmin institutun Ədəbiyyatçünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova Ələkbər Qərib Naxçıvanlı, professor Hüseyn Həşimli, eləcə də təqdimatı keçirilən əsərlərlə bağlı çıxış ediblər.

   Sonda bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək professor Hüseyn Həşimlinin ailəsi və yaxınları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu Sədrinin müavini Surə Seyidə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.