AMEA Naxçıvan Bölməsi

Dövlət atributlarından biri: Dövlət bayrağı mövzusunda konfrans keçirilib


06.11.2020 / 16:37Tədbirlər



   AMEA-nın Naxçıvan Bölməsində “Dövlət atributlarından biri: Dövlət bayrağı” mövzusunda konfrans keçirilib.

   Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraqAzərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirən Dövlət Bayrağı Gününün yaranmasına nəzər salıb.O, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının dövlət bayrağı kimi qəbul olunmasındaümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıraraq ulu öndərin Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən söz açıb.Bildirib ki, Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrdə onun azadlıq və müstəqilliyinin simvolu olan üçrəngli bayraq 17 noyabr 1990-cı ildə görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada məsələ qaldırılıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

   Akademik 1998-ci il martın13-də ümummilli lider tərəfindən“Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”, 2004-cü il iyunun 8-də isə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında”dövlət atributlarının, eyni zamanda bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyan sənədləri diqqətə çatdırıb. Prezident İlham Əliyev tərəfindən imzalanan 2007-ci il noyabrın 17-də Bayraq Meydanının yaradılması, 17 noyabr 2009-cu ildəisə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamları xatırladıb. Bildirib ki, həmin sənədə əsasən ölkəmizdə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir.

   Naxçıvanda da dövlət atributlarına münasibət yüksək səviyyədə olduğunu vurğulayan İsmayıl Hacıyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.

   Azərbaycanın hər yerində dövlət bayrağı dalğalandığını qeyd edən bölmə sədri bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır.

   Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Bayrağımız şərəfimiz, vicdanımız, müstəqilliyimizin rəmzidir” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Ən ali milli dəyər: Üçrəngli bayrağımız” mövzusunda məruzə ilə çıxış ediblər.