AMEA Naxçıvan Bölməsi

Bir əlində kitab, digərində qılınc tutan elm fədailəri


25.09.2024 / 17:00Məqalələr



Zəngin təmayüllər üzərində formalaşmış Azərbaycan elmi əsrlərdir tarixin keşməkeşli sınaqlarından üzüağ çıxıb. Zamanla formalaşıb, ilbəil, anbaan inkişaf edib. Kiçik coğrafi məkanda yerləşən, lakin mühüm strateji mövqeyi olan Azərbaycanın zəngin elmi bu gün də inkişafını davam etdirir. Əlbəttə, bu ölkə alimlərinin, əsl elm fədailərinin gərgin əməyi, əqli zəhməti hesabına başa gəlir.

Bütün problemlərin açarı elmdə gizlidir. Elə bu səbəbdəndir ki, insan bir çətin vəziyyətə düşəndə onun elmi əsasları ilə maraqlanır. Necə deyərlər, elmə və alimlərə ehtiyac duyur. Çünki ziyalı cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvənin dəyərini Azərbaycan xalqı hələ repressiya illərində anlayıb. Alimlər kitabla cəmiyyət arasında körpüdür. Lakin… bu gün alimlərimiz bəzən bir əlində kitab, bir əlində isə “qılınc” tutmağa məcbur olurlar. Həm özünü isbat etmək, həm də milli elmimizi qorumaq üçün…

Elmin aktuallığı, ölkəmiz və cəmiyyətimiz üçün önəmi onun zaman-zaman fərqli şəkildə gündəmə gətirilməsi ilə nəticələnir. Əksər problemlərin həlli üçün çıxış yolu elmdə axtarılır, alimlərin üzərinə fərqli məsuliyyətlər yüklənir. Nəzərə alsaq ki, Azərbaycanda elmin əsas məbədi Azərbaycan Milli Elmlər Akademiyasıdır, o zaman  bütün “hücumlara” AMEA sinə gərmək məcburiyyətində qalır.

Bu gün AMEA öz fəaliyyətini humanitar, ictimai və sosial elmlər üzrə davam etdirir. AMEA-nın Naxçıvan Bölməsi də bu fəaliyyət çərçivəsində öz planına uyğun fəaliyyətini davam etdirir. Qarşıya qoyulmuş vəzifələri, ən əsası, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Yaradılan şəraitdən maksimum faydalanmağa, əldə olan imkanlar çərçivəsində öz amalına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən bu gün AMEA Naxçıvan Bölməsi fəaliyyətini yeni strukturda – üç elmi-tədqiqat müəssisəsi ilə davam etdirir. Elmi potensialdan səmərəli istifadə edən bölmə günümüzün tələbləri səviyyəsində fəaliyyət göstərir.

Bölmədə Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbi mühiti, dil vahidləri, folkloru, mədəniyyəti, qədim əlyazmaların araşdırılması üzrə əsaslı elmi-tədqiqat işləri yerinə yetirilir. Bugünədək aparılan araşdırmalar gözlənilən nəticəni verib, 91 mühüm elmi nəticə əldə olunub. Ötən illər ərzində bölmə tərəfindən ikicildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, üçcildlik “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, üçcildlik “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu - Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas (üç dildə), “Naxçıvan etnoqrafiyası” (I cild), həmçinin “Şərur rayonunun tarixi”, “Kəngərli rayonunun tarixi”, “Culfa rayonunun tarixi”, “Ordubad rayonunun tarixi”, “Sədərək rayonunun tarixi”  əsərləri çap olunub, Şahbuz və Babək rayonlarının tarixindən bəhs edən kitablar nəşrə hazırlanıb. Bu isə aparılan araşdırmaların sadəcə kiçik bir qismidir. Bölmənin fəaliyyəti dövründə muxtar respublika ərazisində 1200-dən artıq tarix və mədəniyyət abidəsi müəyyən edilərək pasportlaşdırılıb, müxtəlif təyinatlı bir çox tarixi abidə tədqiq olunub. Aparılan araşdırmalar nəticəsində Gəmiqaya, Əlincəqala, Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi haqqında kitablar nəşr olunub.

AMEA-nın struktur bölmələrindən biri olan Naxçıvan Bölməsi kiçik kollektivlə çoxsaylı uğurlara imza atır. Bu günədək bölmə alimlərinin 200 monoqrafiyası, 190 kitabı, 7 kitabçası, 8 metodik vəsaiti, 4926 məqaləsi, 1322 konfrans materialı, 100 tezisi çap olunub. Bölmə alimlərinin dünyanın bir sıra ölkələrində 21 monoqrafiyası, 22 kitabı, 767 məqaləsi, 427 konfrans materialı, 47 tezisi nəşr olunub. Elmi məqalələrdən 85-i “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilib. Bölmə əməkdaşlarının əsərlərinə 4047 istinad qeydə alınıb.  Bölmə tərəfindən nəşr olunan “Elmi əsərlər” jurnalının 75, “Axtarışlar” jurnalının isə 48 nömrəsi işıq üzü görüb. Bugünədək bölmə alimləri 4-ü beynəlxalq olmaqla 23 qrant layihəsinin qalibi olublar.

Arxeologiya sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən Naxçıvan Bölməsi beynəlxalq və respublika səviyyəli arxeoloji ekspedisiyalar zamanı Oğlanqala, Qızqalası, Ovçulartəpəsi, Duzdağ, I Kültəpə, Sədərək Kültəpəsi, Naxçıvantəpə, Tumbultəpə, Xələc, Bülövqaya və başqa arxeoloji abidələrdə tariximizlə bağlı mühüm faktları aşkara çıxarıb. Arxeoloji tədqiqatlar nəticəsində Naxçıvanın 500 min ilə yaxın yaşayış tarixinin mövcudluğu, ilkin şəhər mədəniyyətinin beşiklərindən biri olması, Boyalı qablar mədəniyyətinin bu ərazidə formalaşması, həmin mədəniyyəti yaradan tayfaların Naxçıvan ərazisində yaşaması, Duzdağın dünyada duz çıxarılan ilk duz mədəni olması sübuta yetirilib.Bu fakt elmin mahiyyətindən xəbərsiz kütlə üçün önəm daşımaya bilər, lakin araşdırmanın nə olduğunu, tədqiqat aparmağın çətinliyini anlayan elm adamları bunun nə dərəcədə vacib olduğunu yaxşı bilirlər.

Bölmə dünyanın bir sıra elm və təhsil mərkəzləri ilə elmi əməkdaşlıq edir. Xarici ölkə arxivlərindən Naxçıvanla bağlı materialların toplanması və tədqiqata cəlb olunması məsələsini diqqətdə saxlayır. Bölmə alimləri bu günədək İngiltərə, Gürcüstan, Türkiyə, Rusiya arxivlərində apardıqları araşdırmalar sayəsində bir çox faktlar əldə ediblər. Təkcə ötən 1 il ərzində Ankara və Sankt-Peterburq arxivlərindən çoxsaylı arxiv materialı toplanaraq ölkəmizə gətirilib.

Vikipediya azad ensiklopediyasında Naxçıvan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsi həyata keçirilib, Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı məqalələr yerləşdirilib. Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində Naxçıvanla bağlı Vikipediyada yer alan təxminən 30-a yaxın məqalədə redaktə və genişləndirmə işləri aparılıb, “Naxçıvan Muxtar Respublikası mövzularda” şablonu tərtib edilərək bir xüsusi bölmədə toplanıb. Bölmə əməkdaşlarının da işə cəlb olunması ilə Naxçıvanla bağlı məlumatlar alimlərin elmi məsləhətləri əsasında yenilənib, mövcud məqalələrə yeni əlavələr və dəyişikliklər edilib.

AMEA kimi onun bölgələrdəki bölmələri də özünə xas transformasiya dövründən keçir. Qarşıya çıxan çətinliklərə rəğmən fəaliyyətini layiqincə yerinə yetirir.

Bununla belə sual yaranır: Dünya elminin tibb, texnologiya, molekulyar biologiya və başqa inqilabçı elm sahələrindəki nailiyyətlərini humanitar və ictimai profilli AMEA-dan gözləmək nə dərəcədə doğrudur?

Elm və alim cəmiyyətin sahib olduğu mühüm dəyərlərdəndir. Kim olursa, olsun elmlə yoluxmamış, bu fəaliyyətin bir parçası olmamış birisi, tədqiqatın nə olduğunu bilməyən birisi elm haqqında tam dolğun fikir bildirə bilməz. Elmin dəyərini gözünün nurunu, ömrünü elmi araşdırmalara həsr etmiş alimdən soruşmaq lazımdır. Elmin dəyərini illərlə qızmar yayın istisində qazıntılarda araşdırma aparan, “iynə ilə gor qazan” arxeoloqdan soruşmaq lazımdır. Elmin dəyərini illərlə toz basmış arxiv sənədləri arasında bilmədiyimiz həqiqətləri aşkara çıxarmağa çalışan tədqiqatçıdan soruşmaq lazımdır. Bir fikri ortaya qoymaq üçün 10-larla, 100-lərlə ədəbiyyatı araşdıran gənc tədqiqatçıdan soruşmaq lazımdır…

Elmimiz dəyərlidir, elmimiz milli dəyərdir… Dəyərimizə sahib çıxaq. Ağaca balta vurmaq asandır, əsl fərasət onu yaşatmaq üçün dəstək verməkdir.

Səkinə Cümşüdova,

AMEA Naxçıvan Bölməsinin

Elektron xidmətlər şöbəsinin əməkdaşı