AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsində yeni çap olunan monoqrafiyanın təqdimatı olub


19.10.2020 / 17:08Tədbirlər



   AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan” (XVIII əsrin I yarısı) adlı monoqrafiyasının təqdimatı keçirilib.

   Tədbiri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açaraq müstəqilliyimizin bərpasından sonra ölkə elminin inkişafı üçün yaradılan münbit şərait nəticəsində tarixin müxtəlif problemlərinin dərindən və sistemli şəkildə öyrənilməsi və tədqiqatların yekunu olaraq fundamental ümumiləşdirici əsərlər, kitab və monoqrafiyaların çapından bəhs edib. Alim Azərbaycan tarixşünaslığı qarşısında duran məsələlərdən danışaraq orta əsrlər dövrü tarixinin dərindən tədqiq edilməsində Naxçıvanın XVIII əsr tarixinin öyrənilməsi aktual mövzulardan biri olduğunu söyləyib. O, bəhs edilən dövrün sosial-siyasi problemlərinə müasir baxışların tələbləri əsasında tərtib olunan sözügedən yeni nəşrin əhəmiyyətindən danışıb. Bildirib ki, müəllif monoqrafiyada tədqiqatın obyektini, məqsəd və vəzifələrini müəyyənləşdirib, elmi yeniliyini, mənbəşünaslıq bazasını göstərib, araşdırılma səviyyəsini yığcam şəkildə şərh edib.

   Qeyd olunub ki, tədqiqat əsərində ilk dəfə olaraq XVIII əsrin birinci yarısında Azərbaycan Səfəvi və Əfşar dövlətlərinin daxili, Rusiya və Osmanlı dövlətlərinin xarici siyasətində Azərbaycan və bu siyasətdə isə Naxçıvanın yeri araşdırılıb. Əldə olunmuş nəticələr ümumilləşdirilib və ingilis dilində xülasəsi verilib ki, bu da əsərin dəyərini artırıb.

   Təqdimat mərasimində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları, dosent Emin Şıxəliyev, Asəf Orucov və Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov yeni nəşrlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

   Sonda müəllif İlhami Əliyev çıxış edərək monoqrafiyanın tarixi bir günə, 30 ildən sonra Prezident, Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyi ilə torpaqlarımızın qarış-qarşı alınması xəbərlərinin gəldiyi bir vaxta təsadüf etməsinin onun üçün ikiqat sevinc hissinə səbəb olduğunu diqqətə çatdırıb.Bildirib ki, dövlət-xalq-ordu birliyi torpaqlarımızın ərazi bütövlüyünün bərpasının, eləcə də böyük qələbə sevincimizin heç də uzaqda olmadığından xəbər verir.