AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsində yeni kitabların müzakirəsi keçirilib


12.10.2020 / 16:30Tədbirlər



   AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi, Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Xaqani” dastanı”, “O mənim ürəyim deyil”, “Yollarında qaldı gözüm” və Günay Şirəliyevanın “Asim Yadigarın yaradıclıq yolu” adlı kitablarının müzakirəsi keçirilib.

   Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev şair Asim Yadigarın zəngin ədəbi-bədii yaradıcılıq nümunələrinə nəzər salıb. Bildirib ki, yaradıcılığına şeir ilə başlayan və bu gün daha çox poema və dram əsərləri ilə tanınan Asim Yadigar 40 ilə yaxındır ki, ədəbi yaradıcılıqla məşğul olur. Qeyd olunub ki, şairin qələmə aldığı şeirlərinin dili rəvan, ürəyəyatımlıdır. Onun qəlbindən süzülüb gələn misralarda yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri daha qabarıqdır. Şeirlərinin əsas qayəsi Vətən, tarix, qəhrəmanlıq üstündə köklənib.

   Vurğulanıb ki, Asim Yadigarın yaradıcılıq yolu Günay Şirəliyevanın qələmə aldığı monoqrafiyada geniş şəkildə əksini tapıb. Belə ki, nəşrdə Asim Yadigarın şeirləri, poemaları və dram əsərləri, şairin yaradıcılığındakı əsas mövzular, onların bədii təqdim üsulları sistemli bir şəkildə tədqiqata cəlb olunub. İsmayıl Hacıyev şairə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

   Sonra Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günay Şirəliyeva “Asim Yadigarın həyatı və yaradıcılıq yolu”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Yollarında qaldı gözüm” kitabı haqqında düşüncələr”, həmin institutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Asim Yadigar yaradıcılığında poema” və filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Asim Yadigarın lirikası” mövzusunda məruzələri ilə çıxış ediblər. Məruzələrdə bildirilib ki, şair Asim Yadigarın şeirlərinin əksəriyyəti bu günün reallıqlarını özündə əks etdirir. Şairin “Bir nurlu heykəl yarat”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Vətən oğlu”, “Döyüş əmri ver mənə” şeirlərindən nümunələr səsləndirilib. Qeyd olunub ki, şairin əsərlərinin hər biri mövzu dairəsi genişliyi və aktuallığı ilə diqqəti cəlb edir. Vətənpərvərlik, doğma yurda məhəbbət hissləri təlqin olunur. 

   Tədbirin sonunda şair Asim Yadigar çıxış edərək Naxçıvanda şair və yazıçılara yaradılan şəraitdən danışıb. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin qayğısı ilə çap olunan əsərləri diqqətə çatdırıb. Ədəbiyyat bütün dövrlərdə həyatın güzgüsü, milli varlığın əsas rəmzilərindən biri olduğunu söyləyərək yeni dövrün, sürətli inkişafın ruhuna uyğun, yüksək bədii dəyərə malik ədəbi nümunələrlə bağlı fikirlərini diqqətə çatdırıb.